Mütləq döyüş çempionatının (UFC) çempionu, rusiyalı Həbib Nurməhəmmədov Abu-Dabidə Porye ilə döyüş ərəfəsində çəkisini zəruri həddə çatdırıb.
"Sherg.az" AZƏRTAC-a istinadən bildirir ki, həm Nurməhəmmədov, həm də onun rəqibinin çəkisi 70,3 kiloqram olub.
Yüngül çəki dərəcəsində (70,3 kiloqrama qədər) döyüş sentyabrın 7-də Əbu-Dabidə (BƏƏ) olacaq. Xatırladaq ki, 2017-c ilin baharında amerikalı Toni Fergüsona qarşı döyüşdə Nurməhəmmədovun çəki ilə bağlı problemləri ucbatından həmin döyüş baş tutmadı.
2018-ci ilin aprelində rusiyalı idmançı amerikalı El Yakvinta ilə döyüşdə çempion kəməri qazanıb və o vaxtdan bəri kəməri özündə saxlayır. 2018-ci ilin oktyabr ayında Həbib Nurməhəmmədov irlandiyalı Konor Makqreqora qalib gələrək çempion adını uğurla saxlayıb. 30 yaşlı Nurməhəmmədov peşəkar rinqdə keçirdiyi 27 döyüşün hamısını qələbə ilə başa vurub.
Porye bu il aprelin 14-də öz həmvətəni Maks Hollouey ilə döyüşdə hakimlərin yekdil qərarına əsasən qalib gəlib və təşkilatın müvəqqəti çempionu titulunu qazanıb. 30 yaşlı Poryenin aktivində 25 qələbə və 5 məğlubiyyət var, daha bir döyüş isə baş tutmamış hesab edilib.