Azərbaycan ilk dəfə İsveçrənin Lozanna şəhərində keçiriləcək Yeniyetmələrin Qış Olimpiya Oyunlarında təmsil olunacaq. Milli Olimpiya Komitəsindən (MOK) verilən xəbərə görə, sabah nümayəndə heyəti 9-22 yanvar tarixlərini əhatə edəcək Lozanna 2020 Yeniyetmələrin Qış Olimpiya Oyunlarına yola düşəcək.
Yeniyetmələrin Qış Olimpiya Oyunlarında ilk dəfə iştirak edəcək Azərbaycan komandasını fiqurlu konkisürmə yarışlarında 16 yaşlı Yekaterina Ryabova təmsil edəcək. 9 yanvarda keçiriləcək açılış mərasimində Azərbaycanın bayraqdarı da məhz rusiyalı legioner olacaq.
Həmçinin, Azərbaycan nümayəndə heyətinin tərkibinə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibinin müavini Azər Əliyev və MOK-un beynəlxalq əlaqələr şöbəsinin müdiri Anar Bağırov daxildir.
Yeniyetmələrin Qış Olimpiya Oyunlarında 79 ölkədən 1872 idmançının iştirak edəcəyi gözlənilir. Bu indiyə qədər Yeniyetmələrin Qış Olimpiya Oyunlarında ən çox iştirak etmiş idmançı sayıdır. Bu rəqəm bundan öncəki oyunlara münasibətdə 40% daha çoxdur. Yeniyetmələrin Qış Olimpiya Oyunlarında ilk dəfə proqrama xizək alpinizmi idman növü də beş disiplində əlavə edilib.
Təşkilatçı ölkə olan İsveçrə öz tarixində ilk dəfə ən çox idmançı sayı ilə (112 idmançı) 15 idman növündə iştirak edəcək. İdmançı sayına görə digər ən böyük nümayəndə heyəti Rusiya, ABŞ və Almaniyaya (hər üçü 96 idmançı) aiddir. Yeniyetmələrin Qış Olimpiya Oyunlarında Azərbaycandan əlavə, daha 11 ölkə ilk dəfədir ki, güclərini müxtəlif idman növlərində sınayacaq. İlk dəfə bu oyunlarda iştirak edən ölkələr Albaniya, Ekvador, Haiti, Honq-Konq (Çin), Kosovo, Pakistan, Qətər, Sinqapur, Tailand, Türkmənistan, Trinidad və Tobaqodur.
Qeyd edək ki, yeniyetmə idmançıların Qış Olimpiadası üçüncü dəfə keçirilir.