Bu gün AFFA-nın növbədənkənar Konfransı keçirilib.
Oxu.Az xəbər verir ki, səs vermək üçün 35 nümayəndədən 33-ü konfransa qatılıb.
Konfransın gündəliyində duran əsas məsələ AFFA-nın Nizamnaməsinə edilmiş dəyişiklik və əlavələr olub. AFFA-nın Hüquq Şöbəsinin nümayəndəsi Günel Zamanlı dəyişiklik və əlavələr barədə məlumat verib. O bildirib ki, bu dəyişikliklər üzvlər tərəfindən gələn təkliflərə əsasən edilib.
Dəyişikliklərdə AFFA-nın İcraiyyə Komitəsinin üzvlərinin sayının artırılması nəzərdə tutulub. İndi 11 yox, 13 üzv olacaq. Həmçinin, AFFA-da bundan sonra dörd vitse-prezident olacaq. I vitse-prezident vəzifəsi ləğv edilib. Əvəzində icraçı vitse-prezident vəzifəsi təsis olunub. Həmçinin, AFFA prezidenti və icraçı vitse-prezidentin səlahiyyətlərinin həcmi müəyyənləşdirilib.
İndi AFFA prezidenti səlahiyyətlərini icraçı vitse-prezident həyata keçirmək hüququna malikdir. İcraiyyə Komitəsində AFFA prezidenti iştirak etmədiyi halda, icraçı vitse-prezident onu əvəzləyə bilər. Birdən artıq sayda kluba nəzarət qaydası UEFA-nın Nizamnaməsinə uyğunlaşdırılıb.
Nizamnaməyə əlavə və dəyişikliklər Konfrans üzvləri tərəfindən yekdilliklə qəbul edilib.