Türkiyənin “Qalatasaray” klubunun futbolçusu Rayan Babel karyerasını Nidelandda davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, “Ayaks” cinah hücumçusunu icarəyə götürmək istəyir.
Amsterdam təmsilçisi artıq türkiyəlilərlə danışıqlara start verib. “Ayaks” rəhbərliyi R.Babeli mövsümün sonunadək sıralarında görmək istəyir.
Amsterdamlılar bu addımı atmağa məcbur olublar. Heyətdə ciddi itkiləri olan komanda təcrübəli futbolçu ilə boşluqları aradan qaldırmaq niyyətindədir. Kvinsi Promes, David Neres və Zakariya Labyadın zədəli olması belə zərurət yaradıb.
33 yaşlı futbolçunun özü də “Ayaks”a qayıtmağa razıdır. Çünki bu qayıdış onun Niderland millisi ilə AVRO-2020-yə yollanmaq şansını artıracaq.
Qeyd edək ki, “Ayaks”ın yetirməsi olan R.Babel 2007-ci ildə İngiltərə “Liverpul”una 17,5 milyon avroya keçib. 2012/13 mövsümündə yenidən Amsterdam klubunda olan futbolçu ötən ilin yayından İstanbul təmsilçisindədir. Onun müqaviləsi 2022-ci ilin yayına qədərdir.