"Artıq 15 ildir ki, onlarla bir yerdəyəm. Hələ yeniyetmələrdən ibarət yığma komandada işlədiyim dönəmdən (2005-ci il məşqçi / 2007-ci baş məşqçi) etibarən.
"Sherg.az" bu sözləri öz feysbuk səhifəsində yetirmələri ilə birgə çəkilmiş fotoları paylaşan Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudov yazıb.
O qeyd edib ki, 2008-ci ilin Pekin Olimpiadasından sonra əsas komandaya dəvət olunanda qarşıdakı 2-3 Olimpiya Oyunlarına kifayət edəcək potensiallarının olduğunu vurğulayıb:
"Çünki əlimizdəki yeniyetmə istedadların bacarığına bələd idim. Çox şükür, proseslər yanılmadığımı sübut etdi. Bu müddət ərzində sevinc dolu anlarımızla yanaşı, kədərləndiyimiz günlər də oldu. Bir-birimizə heç zaman arxa çevirmədik, bir olduq, güc olduq. Şəxsi məşqçilərlə birlikdə hər zaman ölkəmiz, doğma Azərbaycanımız üçün çalışıb-vuruşduq, bundan əsla yorulmadıq, yorulmayacağıq da.
Haqqımızda çox şeylər dedilər, amma heç nəyə fikir vermədən sadəcə işimizi gördük. 12 il əvvəl potensialına inandığım pəhləvanlar bu gün də iş başındadırlar. İndi onlar həm də yetişən gənc nəsil üçün örnəkdirlər. Biz yenə irəli baxırıq və bunu hər zaman olduğu kimi ölkəmiz, dövlətimiz üçün edirik. Çünki Vətən borcu heç zaman ödənməz. Yaşasın Azərbaycan!"