Türkmənistən prezidenti Qurbanqulu Berdiməhəmmədov hökumət iclası zamanı vətəndaşlara koronavirusdan qorunmaq üçün üzərlik yandırmağı tövsiyə edib. “RİA Novosti”nin məlumatına görə, ölkə lideri türkmən xalqının əsrlər boyu zərərli vərdişlərdən qorunmaq və müxtəlif infeksion xəstəliklərdən müdafiə üçün qədim xalq təbabətindən istifadə etdiyini xatırladıb.
“Müdrik əcdadlarımız ənənəyə sadiq qalırdılar: mühüm hadisələr zamanı üzərlik yandırırdılar”, - deyə o bildirib.
Berdiməhəmmədov vurğulayıb ki, müqəddəs bitki hesab olunan üzərliyi yandırmaq ənənəsi bu gün də davam edir. Onun sözlərinə görə, bu bitkinin tüstüsü müxtəlif virusların insan orqanizminə daxil olmasının qarşısını alır.
Qeyd edək ki, indiyə kimi Türkmənistanda koronavirusa yoluxma halı qeydə alınmayıb.