Beynəlxalq Olimpiya Komitəsi: “Zəruri dəyişikliklər ediləcək”

“Tokio Yay Olimpiya Oyunlarının başlamasına 4 aydan bir az artıq vaxt qalıb. İndiki mərhələdə hansısa radikal qərar vermək zərurəti yoxdur”.
Apasport.az saytının məlumatına görə, bu sözlər Beynəlxalq Olimpiya Komitəsinin bu gün yaydığı bəyanatda yer alıb.
Qurum koronavirus pandemiyası üzündən keçirilməsi sual altına düşən Tokio Yay Olimpiya Oyunları ilə bağlı beynəlxalq federasiyalar və milli olimpiya komitələri ilə keçirilən videokonfransının yekununu açıqlayıb: “Bu mövzuda istənilən tələsik addımlar düzgün olmaz. Hazırda idmançılar ciddi problemlərlə üzləşir. Bu, Oyunlara təsnifat mərhələlərində iştirakla bağlıdır. Bəzi ölkələrdə idmançıların daim məşq etməsi də çətindir. Beynəlxalq federasiyalar və milli olimpiya komitələri bu problemin həlli üzərində işləyirlər. Bu gün idmançıların 57 faizi Tokio-2020-də iştirak hüququ qazanıb. Digər 43 faiz üçün Beynəlxalq Olimpiya Komitəsi və beynəlxalq federasiyalar təsnifat sisteminə zəruri dəyişikliklər edəcək”.
Qeyd edək ki, Olimpiya Oyunları iyulun 24-dən avqustun 9-dək keçiriləcək.