Avropa Gimnastika Birliyi (UEG) COVID-19 virusu ilə bağlı dörd Avropa çempionatını ləğv edib.
Oxu.Az xəbər verir ki, bunlar Parisdəki qadınların idman gimnastikası üzrə (30 aprel – 3 may), Yöteborqdakı batut, tamblinq və cütlük mini-batut üzrə (7-10 may), Kiyevdəki bədii gimnastika üzrə (21-24 may) Avropa çempionatlarıdır.
Həmçinin 27-31 mayda Bakıda keçirilməsi planlaşdırılmış kişilərin idman gimnastikası üzrə 34-cü Avropa çempionatı da ləğv olunub. Aprelin sonlarında bu yarışlar barədə yeni məlumat veriləcək.
UEG-in azərbaycanlı prezidenti Fərid Qayıbov isə bu barədə bunları deyib: “Bizim əsas narahatlığımız hər zaman gimnastların, onların ətrafındakıların, azarkeşlərin və tərəfdaşlarımızın təhlükəsizliyi və sağlamlığı ilə bağlıdır. Bugünkü vəziyyəti olduğu kimi nəzərə alsaq, bu vacib yarışların təxirə salınması ən yaxşı üsuldur”.
Qeyd edək ki, daha əvvəl Bakıda 25-29 martda keçirilməsi planlaşdırılmış karate üzrə Avropa çempionatı ləğv edilmişdi.