Azərbaycan tarixində bir ilk yaşanır
"Neftçi" klubunun televiziyasının fəaliyyətə başlaması böyük uğurdur
“Neftçi” klubunun televiziyası yayıma başlayıb. Kanal hər gün saat 12:00-dan 16:00-dək “Youtube” vasitəsilə yayımlanacaq. “Neftçi TV”də klubun gündəlik həyatı ilə bağlı məlumatlar, komandanın yoldaşlıq görüşləri, “Neftçi-2” və aşağı yaş qrupu komandalarının bəzi oyunları canlı veriləcək.
İdmanla bağlı maraqlı müsahibə və açıqlamalar da izləyicilərə təqdim olunacaq. Dünyanın bir çox ölkəsində fərqli idman sahələrinə aid xüsusi televiziyalar fəaliyyət göstərir. Qonşu Türkiyə və Rusiyada da bunun bir çox örnəyi var. Ekspertlər düşünür ki, ayrıca telekanalın fəaliyyəti konkret həmin sahə haqqında ətraflı və detallı məlumatların verilməsi ilə yanaşı, idman auditoriyasının genişlənməsinə də təkan verə bilər.
“Sport24.az” saytının redaktoru Mehman Süleymanov “Şərq”ə açıqlamasında bildirib ki, Azərbaycanda iki idman telekanalı fəaliyyət göstərir. Biri 12 yaşlı “İdman TV”, digəri isə bu ilin payızında 5 illik yubileyi olacaq “CBC Sport”dur. Redaktorun sözlərinə görə, mövcud kanallar idmanın müxtəlif növləri, o cümlədən futbolla bağlı maraqlı informasiyalar verir, proqramlar təqdim edirlər:
“Bu sırada ilboyu təkcə Azərbaycanın Premyer Liqasının yox, Avropanın ən maraqlı futbol çempionatlarından matçları canlı yayımda izləyə bilirik. Ancaq dünyanın bir çox ölkəsində mövcud olan praktikaya əsasən, Azərbaycanda da müxtəlif idman sahələrinə, o cümlədən idman və futbol klublarına aid xüsusi telekanalların yaradılması faydalıdır. Bu, ilk növbədə həmin klubun təbliğatı baxımından çox vacibdir və ölkədə bu sahənin inkişafına bir töhfə verilməsi deməkdir”.
M.Süleymanov bəyan edib ki, “Neftçi” Azərbaycanın ən tanınmış, “qoca” və adlı-sanlı və ən vacibi böyük azarkeş ordusuna malik klubudur: “Neftçi” bu layihəni həyata keçirmək üçün xeyli zaman sərf etməli oldu. Son 1 həftədə klubun mətbuat xidməti gecəni gündüzə qatdı ki, iyulun 20-də yayıma çıxa bilsinlər. Bu, Azərbaycan tarixində ilk dəfə olaraq klub televiziyasının fəaliyyətə başlaması demək idi. “Neftçi”nin əsas vəzifəsi azarkeşlərinin, onu izləyənlərin istəklərini, gözləntilərini qarşılaya bilməkdir. Komanda haqda tamaşaçılara operativ, maraqlı informasiyalar çatdıra bilmək klub televiziyasının əsas missiyalarındandır. Kanalda klubun tarixi, fəaliyyəti, futbol akademiyası haqda maraqlı verilişlər hazırlanıb təqdim ediləcək. Klub gördüyü işləri göstərməli, bir növ məhsulunu tanıtmalıdır. Görülən işə qiyməti isə ilk növbədə izləyicilər, futbolsevərlər verəcək”.
Jurnalist qeyd edib ki, hər bir işdə xırda səhvlər qaçılmazdır: “Təbii ki, səhvsiz iş olmur. Əsas məsələ kiçik çatışmazlıqları aradan qaldıraraq səhvləri təkrarlamamaqdır. Azarkeşlər doğma klublarının telekanalına abunə olmaqla ona dəstək olmalı, izləyici sayını artırmalıdırlar. Hər bir işdə vacib xüsusiyyətlərdən biri layihənin uğurlu alınması, çıxdığın yolun uzun olmasıdır.
“Neftçi”nin köklü klub olduğunu nəzərə alsaq, onların uğur qazanacağı realdır. Bu işdə pioner, “cığıraçan” olan “ağ-qaralar”a uğurlar arzulayıram. Bir məqamı qeyd edim ki, “Neftçi”nin tarixində ən yaxşı müdafiəçilərdən olmuş, karyerasını bitirdikdən sonra beynəlxalq hakim və hakim-inspektor kimi fəaliyyət göstərən Asim Xudiyev “Neftçi TV”ylə bağlı feysbuk statusuma şərh yazaraq nostalji matçların göstərilməsi ilə bağlı arzusunu yazıb. Yaxşı olar ki, kanalda 60-90-cı illərin oyun fraqmentləri də tamaşıcılara təqdim olunsun. Çünki bunu həm stajlı azarkeşlər gözləyir, həm də “ağ-qara” formanı geyinmiş veteran futbolçular”.
Mehman Süleymanov əlavə edib ki, Azərbaycanda digər Premyer Liqa klublarında da televiziyaları var: “Qəbələ”nin “Qəbələ” İdman Klubu” adlı rəsmi qəzeti var idi. 19 illik fəaliyyətimin 5 ilini bu qəzetdə çalışmışam.
Ayda 2 dəfə çıxan həmin mətbu orqan klubun fəaliyyətindən bəhs edir, əsasən Qəbələdə akademiyanın üzvlərinə pulsuz paylanılaraq kluba maraq dairəsini artırırdı. Yəni, bütün bu vasitələr, o cümlədən telekanallar təbliğat maşınları, tərəqqi üçün güclü təkandır.
Digər klublarımıza da “YouTube” televiziyalarının passivlikdən çıxmalarını, hərəkətə keçmələrini arzulayıram”.