"Biz də bir idmançı olaraq, əlimizə silah alıb torpaqlarımızı azad etməyə hazırıq"
"Vətən uğrunda xidmət etmək hər birimizin borcudur. Cənab Prezident nə zaman səfərbərlik elan edərsə, biz də bir idmançı olaraq, əlimizə silah alıb torpaqlarımızı azad etməyə hazırıq. Bu gün Vətən oğullarının, şəhidlərimizin döyüş yolu, göstərdikləri şücaət isə hər birimizə örnəkdir".
Bu sözləri "Şərq"ə açıqlamasında paralimpiya, cüdo üzrə Avropa və dünya çempionu, “Şöhrət” ordenli, Əməkdar idman ustası Ramin İbrahimov deyib. O bildirib ki, ön xəttdəki hərbi hissələrdə hərbçilərimiz arasında böyük ruh yüksəkliyi, döyüş əzmi, qələbəyə sonsuz inam mövcuddur:
"Sirr deyil ki, sarsıdıcı həmlələri ilə düşmən ordusunu darmadağın edən, onları geri çəkilməyə, hərbi texnika və silahları atıb qaçmağa məcbur edən əsgərlərimiz uğurla irəliləməkdədir.
Biz də bir Azərbaycan vətəndaşı olaraq əsgərlərimizə sovqat apardıq. Onlar arasında böyük ruh yüksəkliyinin şahidi oldum. Əsgərlərimizlə yanaşı, cəbhəyanı bölgədə məskunlaşan sakinlər arasında da yüksək əhval-ruhiyyə mövcud idi. İnsanlar ordumuzla həmrəylik, əsgərlərimizlə bir yerdə olduqlarını nümayiş etdirir, orduya dəstək olmaq üçün əllərindən gələni əsirgəmirlər.
Düzdür, təəssüflər olsun ki, itkilərimiz də var. Bu bizləri çox üzür. Amma onların hər birinin qarşısında baş əyirəm. Bu gün hər bir Azərbaycan vətəndaşı Ali Baş Komandanın istənilən əmrini yerinə yetirməyə hazırdır.
Əminəm ki, qısa zamanda ordumuz işğaldakı digər ərazilərimizi də azad edəcək. İnanıram ki, qısa zamanda ordumuzun hərbi əməliyyatları tariximizin ən qürurverici səhifələrindən birinə çevriləcək".