Türkiyə Super Liqasının XII turunda “Fatih Karagümrük”lə oyunda qırmızı vərəqə alan “Qalatasaray”ın baş məşqçisi Fatih Terim ağır cəzaya məruz qala bilər.
Apasport.az saytının məlumatına görə, görüşün 69-cu dəqiqəsində texniki zonadan qovulan təcrübəli mütəxəssis Nizam-İntizam Komitəsinə cəlb olunub.
Baş hakim Mustafa Öyretmenoğluya sərt tənqidlərlə qarşılıq verən Terimlə bağlı “idmançıya yaraşmayan hərəkət”, “təhqir”, “təlimata uymamaq” kimi maddələr araşdırılacaq. Nizam-İntizam Komitəsinin ona verə biləcəyi ən yüngül cəzanın 8 oyunluq diskvalifikasiya olacağı deyilir. Qərardan sonra “Qalatasaray”ın apelyasiya şikayəti etmək hüququ olacaq.
Bundan başqa, həmin matçdan sonra rəqibini vuran “sarı-qırmızılılar”ın müdafiəçisi Markaonun 3-6 oyun arası cəza alması gözlənilir.
Qeyd edək ki, “Qalatasaray” səfərdə “Fatih Karagümrük”ə 1:2 hesabı ilə məğlub olub.