Futbol üzrə İtaliya A Seriyasının 28-ci turun növbəti oyunu keçirilib.
Cari mövsüm iddialı oyunu ilə diqqət çəkən, turnir cədvəlində ikinci pillədə yer alan “Milan” səfərdə “Fiorentina” klubunun qonağı olub. Oyunda hesabı “Milan” matçın 9-cu dəqiqədə açıb. Milanlıların əsas qol silahı Zlatan İbrahimoviç qapıçı ilə təkbətək mübarizədən qalib ayrılıb. Qarşılaşmanın 17-ci dəqiqəsində meydan sahibləri hesaba tarazlıq gətirib. Erik Pulqar cərimə zərbəsindən sonra baxımlı qola imza atıb. Birinci hissə 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Fasilədən dərhal sonra “Fiorentina” yenidən rəqibin qapısına yol tapa bilib. Frank Riberi Dusan Vlahoviçin ötürməsini dəqiq zərbə ilə tamamlayıb. Hücumların kəsərin artıran “Milan” altı dəqiqə sonra fərqlənməyə nail olub. Brahim Diaz adını tabloya yazdırıb. Bu da oyunda son qol olmayıb. Matçın 73-cü dəqiqəsində Türkiyə millisinin futbolçusu Hakan Çalxanoğlu komandasına qələbə qazandıran qola imza atıb. Qalan dəqiqələrdə hər iki komandanın fərqlənməyə şansı olsa da hesab dəyişməyib. (azərtac)
Bu qələbə sayəsində xal ehtiyatını 59-a çatdıran “Milan” turnir cədvəlində ikinci yerini möhkəmləndirib. “Fiorentina” isə 29 xalla 14-cü yerdə qərarlaşıb.
İtaliya A Seriyasının növbəti turunda "Milan” öz meydanında “Sampdoriya”nı qəbul edəcək. “Fiorentina” isə səfərdə “Genoa”nın qonağı olacaq.