Dünən "Qarabağ” UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində cavab oyununa çıxıb. “Qarabağ”ın rəqibi Macarıstan çempionu “Ferentsvaroş” klubu olub. Budapeştdəki “Groupama Arena”da oynanılan matç Azərbaycan çempionunun 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.Beləliklə, üçüncü təsnifat mərhələsinin ilk qarşılaşmasında Bakıda Macarıstanın çempionu ilə 1:1 hesablı heç-heçə edən Qurban Qurbanovun yetirmələri Budapeştdə rəqibinə qalib gəlib və iki oyunun nəticəsinə görə növbəti mərhələyə yüksəlib. Azərbaycan təmsilçisinin növbəti - pley-off mərhələsindəki rəqibi Moldovanın “Şerif” komandasından 2:1 hesabı ilə üstün olan Çexiyanın “Viktoriya” komandası olacaq. Bu cütün qalibi isə Çempionlar Liqasının qrup mərhələsində oynayacaq.
Qurban Qurbanovun Avropasayağı komanda qurduğunu deyən idman jurnalisti Ağa Dadaşzadə "Sherg.az"a bildirib ki, "Qarabağ" klubu öz sırasında ən güclü komandadır:
"Ötən gün "Qarabağ" möhtəşəm qələbə qazandı. Matçdan öncə şərh vermək çətin idi. Hər iki klub başabaş komandadır.
Nəzərə alsaq ki, Bakıda 1:1 bərabərlik olmuşdu. Mən Çercesova sual verdim ki, "Qarabağ"ın 4 əsas heyət oyunçusu oyunda deyildi.
Lakin Macarıstanda onlar meydanda olacaq. O isə cavabında dedi ki, bunu oyun zamanı görəcəyik. Oyundan sonra Çerçesov boynuna aldı ki, artıq müzakirə ediləsi heçnə yoxdur. "Qarabağ" dünənki matçda həm tapıntıları, həm də, sərgilədiyi futbolla uğur qazandı.
Bu oyun "Viktoriya"ya bir növ siqnal olacaq ki, Ağdam təmsilçisi sıradan klub deyil. Köhlən Atlar artıq Avropa liqasının qrup mərhələsini qarantiləyib.
Bü cür oyunla Avro Liqanın qrupundan çıxmaq heç də, çətin olmayacaq. Lakin onlar Avropa Liqasının qrupu ilə kifayətlənməyərək UEFA Çepionlar Liqasının qrupunu adlayacaq. Q.Qurbanovun yetirmələrinin fikri yalnız bu istiqamətdədir".