İslamiada: “Bəzi  ölkələr medal baxımından önümüzə keçdi” –  SƏBƏB?

Türkiyənin Konya şəhərində start verilən V İslam Həmrəyliyi Oyunlarında 56 ölkədən  4200 idmanşı mübarizə  aparır. Ölkəmizi isə ümumilikdə 281 idmançı təmsil edir. Oyunlar Avqustun 18-dək davam edəcək. Qeyd edək ki, Azərbaycan yığması İslamiadada 68 medal qazanıb. Bunlardan 20-si qızıl, 27-si gümüş, 21-i bürünc əyarlıdır. Medal sayına görə  Türkiyə, İran və  Özbəkistannan geridə qalaraq 4-cü pillədə qərarlaşmışıq.

   Xatırladaq ki, bundan öncəki Bakı İslam Həmrəyliyi Oyunlarıında Ölkəmiz medal sayına görə 2-ci pillədə yer alıb. 

  İslam Həmrəylik Oyunlarını 2024-cü il Olimpiya Oyunlarına ön hazırlıq kimi baxdığını deyən idman şərhçisi Pərviz Musayev "Sherg.az"a bildirib ki, bu oyunlar hansısa ölkənin idmandakı durumuna qiymət vermək üçün böyük bir yarış deyil:

"Medal məsələsi idmanın geriləməsi deyil. 2017 Bakı və 2022 Konya İslam Həmrəylik Oyunlarını müqayisə etsək, görərik ki, müəyyən idman növlərində dəyişiklik var. Məsələn, Bakı İslam Həmrəylik Oyunlarında Velosiped yarışı yox idi. Lakin bu növ Konyada siyahıya daxil edilib. Biz bu növdə  medal qazana bilmədik. Buna görə də bəzi  ölkələr medal baxımından bizim önümüzə keçdi. 

Digər tərəfdən yarışlar hələ davam edir. Ölkədə inkişaf etmiş növlərdən olan karate, kikboks üzrə təmsilçilərimiz hələ yarışmayıblar. İslamiadadakı nəticələr hansısa ölkənin idmanının durumuna qiymət vermək üçün  böyük bir yarış deyil.  

Bəzi növlərin səviyyəsi o qədər də böyük deyildi. Zənnimcə, ölkə idmanının vəziyyəti ilə bağlı qiymət Dünya Çempionatı, Olimpiya Oyunları, Avropa Çempionatı kimi böyük tədbirlərdə  daha çox önə çıxır. 

Bəli, elə növlər var idi ki, gərgin mübarizələr gedirdi. Doğrudur, dünyada bir nömrə olduğumuz ənənəvi növlər çoxdur. Lakin bu oyunlarda qazanılan medallar “Biz həmin növlər üzrə  dünyada bir nömrəyik” deməyə imkan vermir. 

Mən bu oyunları 2024 Olimpiyada yarışlarına ön hazırlıq kimi görürəm.  İndiki yarışlar ölkə idmanı inkişaf edir, yaxud da geriləyir deyə biləcəyimiz bir tədbir deyil. Son olaraq uğur qazanan  idmançıları təbrik edirəm. Dediyim sözlərin heç biri onların qələbəsinə kölgə salmaq üçün deyil".