Canni De Byazi: “Yığmadasansa, özünü yaxşı aparmalısan”

“Qazaxıstanla ilk oyunumuzda rəqibdən daha yaxşı oynamışdıq. Buna baxmayaraq, rəqib çox güclü komandadr”.

“Report”un məlumatına görə, bunu Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazi Bakıda Qazaxıstana qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuncu - VI tur oyunundan əvvəl mətbuat konfransında deyib.

66 yaşlı mütəxəssis düzgün yolda olduqlarını bildirib.
O, Qara Qarayev və Rəhim Sadıxova dəvət göndərməməsini belə şərh edib: “Komandamdakı bütün futbolçulardan razıyam. Keçmişə baxsaq, adlarını çəkdiyiniz oyunçularla da çox uduzmuşuq. Millinin qapısı hamının üzünə açıqdır. Yığmadasansa, özünü yaxşı aparmalısan”.
İtaliyalı baş məşqçi Slovakiya ilə səfər matçında (2:1) penaltiyə səbəb olan Aleksey İsayevin çıxışını da dəyərləndirib: “Çox döyüşkən oyunçudur. Meydanda bütün gücünü ortaya qoyur. Bir epizodla kiməsə qiymət vermək olmaz. İstər meydanda, istərsə də kənarda olanda özünü düzgün aparır”.

Qeyd edək ki, sentyabrın 25-də “Dalğa Arena”da keçiriləcək Azərbaycan – Qazaxıstan görüşü saat 20:00-da başlayacaq.