Messi "Qızıl top”a  bir nömrəli favoritdir – SORĞU

Azərbaycanın futbol ictimaiyyəti ikinci namizəd kimi Erlinq Halandın adını çəkdilər

FİFA-nın kişi və qadınlar arasında "Ballon d`Or" mükafatların qalibi oktyabrın 30-da Parisdə elan olunacaq. Artıq namizədlərin siyahısı da açıqlanıb. Təbii ki, hər il olduğu kimi bu dəfə də favoritlər arasında Lionel Messi, Erlinq Haland, Harri Keyn, Robert Levandovski kimi məşhurlar göstərilir. 
Bu il əsas mübarizənin ABŞ-nin “İnter Mayami” klubunda çıxış edən Lionel Messi və  “Manceçter Siti”nin gənc futbolçusu Erlinq Haland arasında olacağı gözlənilir. 

 Argentina millisinin kapitanı Qətərdə keçirilən DÇ-2022-də ölkəsini qələbəyə daşıdı. Həmçinin klub səviyyəsində ötən mövsüm oynadığı “PSJ” ilə Liqa 1 çempionluğunu qazandı. Haland isə "Mançester Siti"dəki debüt mövsümündə bütün yarışlarda ümumilikdə 52 qol vurub və həm ölkə çempionu, həm Çempionlar Liqasının qalibi olub, üstəlik İngiltərə Kubokunu başı üzərinə qaldırıb. Bu səbəbdən əsas favoritlərin məhz bu iki futbolçu olduğu bildirilir. "Qızıl top”un beşqat sahibi Kriştiano Ronaldo 2003-cü ildən bəri ilk dəfə olaraq namizədlər siyahısında yer almayıb. Son günlər Messinin növbəti - səkkizinci dəfə bu mükafata layiq olacağı barədə xəbərlər xarici KİV-lərə sızıb.

Qeyd edək ki, ötən il  böyük rəqabət içərsində keçən yarışın qalibi karyerası ərzində ilk dəfə mükafata layiq görülən Kərim Benzema olmuşdu.

Maraqlıdır, bəs azərbaycanlı mütəxəssislər, futbol adamları bu il kimi mükafata layiq görür? Sherg.az keçirdiyi sorğunun nəticələrini təqdim edir:

Qurban Qurbanov "Qarabağ”ın baş məşqçisi:
- Əsas prioritet dünya çempionatıdırsa, burada başqa məsələ ola bilməz. Təbii ki, Messinin bu mükafatı qazanması qanunauyğundur.

Ronaldonun siyahıda olmaması haqda bir söz deyə bilmərəm. Niyə siyahıda yoxdur, onu da bilmirəm. Amma Ronaldonun namizədlər arasına salınmaması, onun ən yaxşılardan olmadığına dəlalət etmir. Ronaldoya həmişə böyük hörmət bəsləmişəm və bu yaşda istəkliliyi, göstərdiyi performans nəyə desəniz dəyər. Onun siyahıda olmaması heç nəyi dəyişmir, mənim üçün ən yaxşılardan biridir.


Vaqif Cavadov millimizin sabiq futbolçusu:
- Bu il həmin mükafata mən də Messini layiq görürəm. Çünki ötən il dünya çempionu olub. Həm də ki, həmin il komandasını çətin vəziyyətdən çıxardı. Hazırda bu mükafata Messidən daha çox layiq olan futbolçu görmürəm. Haland üçqat qalib olub, amma dünya çempionu olmayıb. Həm də ki, gəncdir. Hələ stabil olmalıdır. Fikrimcə, gələn il ola bilər. Messinin isə təkcə dünya çempionluğu yox idi. Onu da qazandı və çox gözəl oyun nümayiş etdirdi. Ronaldonun adının siyahıda yer almaması normaldır. Çünki bu futboldur. Həm millidə yaxşı çıxış etmədi, həm də klubunda bu mövsüm problemlər yaşadı. Messidə isə hər şey stabil idi. Məncə, futbol ictimaiyyətinin, azarkeşlərin Messini seçməsi doğru qərardır.


“CBC Sport”un şərhçilər qrupunun rəhbəri Rüstəm Əfsərli:
- Əgər bu mükafatın qalibini seçmək səlahiyyəti mənə verilsə mən Kevin De Bröyneni  seçərdim. Mənim üçün ən laiqli namizəd odur. Amma böyük ehtimalla Lionel Messi qazanacaq. Erlinq Haland isə gələcəkdə bu mükafata layiq olacaq. Amma mənim fikrimcə hazırda  DÇ qazanmış  Lionel Messi bir addım  daha öndədir.

Futbol şərhçisi Ramiz Mirzəzadə: 
- Lionel Messi bu il mükafatı qazanarsa, bu  qazandığı ən layiqli “Qızıl Top” mükafatı olar. Ümumiyyətlə DÇ olan il qızıl topun qalibini həmin çempionat məlum edir. Hazırki vəziyyətdə ən real namizəd Lionel Messidir. Çünki onun ətrafında toplanan komandanın dünya çempionu olması böyük uğurdur. Argentina millisidə Portuqaliya kimi eyni aqibəti yaşasaydı böyük ehtimalla Ronaldo kimi Messinin də adı olmayacaqdı.
Artıq gələn ildən etibarən daha fərqli futbolçuların mükafatın sahibi olmasının şahidi olacağıq. Hazırki vəziyyətdə ən real namizəd Lionel Messidir.

Futbol şərhçisi  İsmayıl Abdullayev:
- Mən Qətərdə keçirilən DÇ finalından öncədə demişdim ki, 2023-cü ü il üçün ballondor mükafatının da əsas fovaritini müəyyənləşdirəcək oyun budur. Əgər DÇ finalında Argentina deyil Fransa çempion olmuş olsaydı, o zaman Kilian Mbappe favorit sayılardı. Hazırki halda isə Lionel Messi bir nömrəli favoritdir. Doğrudur, Norveçli ulduz Erlinq  Haland da  möhtəşəm performans göstərib. ÇL və Premer Liqanın qalibi olmaq və vurduğu qol sayı olaraq fantastik işlər görüb. Amma onun üçün bu mükafat hələ tezdir.

 İdman jurnalisti Sənan Şəfizadə:
- Son sorğu reytinqlərinə baxsaq hamsında Messinin adı birinci gəlir. Xüsusilə DÇ qalibi olması onu yarışın açıq aşkar lideri edir. Messi ilə yanaşı laiqli futbolçular çoxdur. İlk üçlük Messi, Haland və Kilian Mbappe olaraq müəyyənləşəcək. 

Futbol şərhçisi Tural Dadaşov:
- Fikrimcə, ilk üçlük Messi, Haland və Kevin De Bröyne olaraq sıralanacaq. Açığı mən Halandın almasını istəyərdim. Amma yəqin ki,  qalib Messi olacaq.