Futbol üzrə Türkiyə Super Liqasında XII turun oyunları keçirilir.
Çempionluğa iddialı “Qalatasaray” Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun çıxış etdiyi “Hatayspor” klubunun qonağı olub və rəqibinə 1:2 hesabı ilə uduzub.
Matçda ilk qolu 14-cü dəqiqədə meydan sahiblərindən Riqoberto Rivas vurub. 35-ci dəqiqədə qonaqların yarımmüdafiəçisi Vilfrid Zaha hesabı bərabərləşdirib. 55-ci dəqiqədə isə Didye Lamkel Ze Hatay təmsilçisinə qələbə qazandıran qolun müəllifi olub.
Meydana start heyətində çıxan R. Dadaşov 87-ci dəqiqədə əvəzlənib.
Bu qələbə ilə xallarını 17-yə çatdıran “Hatayspor” 9-cu pilləyə yüksəlib. “Qalatasaray” isə 31 xalla turnir cədvəlinə başçılıq edir.
Qeyd edək ki, günün digər matçlarında “Kayserispor” “Kasımpaşa”ya 4:3, “Qaziantep” “Alanyaspor”a, “Karagümrük” isə “Sivasspor”a 3:0 hesabı ilə qalib gəlib.