AVRO-2024: Azərbaycan millisi bu gün İsveçi qəbul edəcək

Bu gün futbol üzrə Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində növbəti oyununu keçirəcək.

"Report"un məlumatına görə, Canni De Byazinin baş məşqçisi olduğu komanda Bakıda İsveçlə üz-üzə gələcək.

Matçı isveçrəli qadın FIFA referisi Ester Ştaublinin rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək görüş saat 21:00-da start götürəcək. F qrupunda yer alan hər iki kollektiv final mərhələsinə vəsiqə qazanmaq şansını əvvəlki turlarda itirib.

Yığmamız 6 oyundan sonra 4 xalla 4-cü, qonaqlar isə 7 xalla üçüncü pillədə qərarlaşıblar. Qrupun digər qarşılaşmasında AVRO-2024-ə vəsiqəni rəsmiləşdirən Avstriya Estoniyanın qonağı olacaq. Həmin oyun da Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

AVRO-2024, seçmə mərhələ

21:00. Azərbaycan - İsveç

Baş hakim: Ester Ştaubli (İsveçrə).

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələdə sonuncu matçını noyabrın 19-da səfərdə Belçikaya qarşı keçirəcək.