“Qarabağ”ın avrokuboklardakı növbəti rəqibi müəyyənləşib.
Turnirin qrup mərhələsində ikinci olan təmsilçimiz 1/8 finala vəsiqə uğrunda dueldə "Braqa" ilə qarşılaşacaq. Qurban Qurbanovun yetirmələri Çempionlar Liqasında qrup üçüncüsü ilə ilk matçı səfərdə keçirəcək.
Qeyd edək ki, pley-off mərhələsi 2024-cü ildə baş tutacaq. İlk oyunlar fevralın 15-də, cavab görüşləri 22-də keçiriləcək.
“Sherg.az” "Qarabağ"ın keçmiş futbolçularının püşk barədə düşüncələrini öyrənib.
Əfran İsmayılov. "Qarabağ"ın sabiq futbolçusu
"Portuqaliya yığması ilə səfər oyununu "Braqa"nın stadionunda keçirmişdik. Həqiqətən çox möhtəşəm bir stadion idi. Doğrudur, "Braqa" olduqca güclü bir klubdur. Amma "Milan", "Benfika", "Qalatasaray" kimi rəqiblərə baxdıqda mübarizə aparıla bilinəcək bir rəqibdir. İlk oyunun səfərdə olması müəyyən mənada üstünlükdür. Səfər oyununda müdafiə meyilli oyunla sərfəli nəticə qazanıb evdə işi həll etmək olar. "Qarabağ"ın kifayət qədər güclü məşqçisi, yetəri qədər Avropa təcrübəsi olan oyunçuları var. Bu mənada Qurban müəllim istədiyi kimi futbol oynaya bilsələr mərhələni keçmək şanslarının olduğuna inanıram".
Rauf Əliyev. "Qarabağ"ın sabiq futbolçusu
"Pley-off mərhələsindəki rəqiblərin hər biri olduqca güclü rəqiblərdir. Bundan öncə bir neçə dəfə "Braqa"nın oyunlarını izləmə fürsətim olub. Portuqaliya təmsilçisi heyyət baxımından yaxşı klubdur. "Qarabağ" üçün çətin sayılacaq rəqibdir. Xüsusilə ilk oyunun səfərdə olması yaxşı olmadı. Amma ümid edirəm "Qarabağ" bizləri yenədə sevindirəcək və mərhələni keçəcək".