"Bu sınaqdan üzüağ çıxmaq üçün əlimizdən gələni edəcəyik".
Bunu "Report"a açıqlamasında "Qarabağ”ın direktoru Emrah Çelikel UEFA Avropa Liqasının pley-off mərhələsində Portuqaliyanın "Braqa" komandasına rəqib olmaları ilə bağlı danışarkən deyib.
Funksioner bu raundda zəif kollektivin olmadığını bildirib: "Hamısı Çempionlar Liqasının qrup mərhələsində üçüncü olan klublardır və kifayət qədər də güclüdürlər. Rəqibin fərqi yox idi. Hər birinə qarşı oyunlarda əlimizdən gələnin ən yaxşısını edəcəkdik. "Braqa" ilə matçlarda da bütün gücümüzlə oynayacağıq".
Çelikel 1/8 finala yüksəlmək ehtimalına da toxunub: "Burada iştirak bizim məsuliyyətimizi daha da artırır. İndiyədək necə savaşmışıq, döyüşmüşüksə, bunun daha da yaxşısını etməyə çalışacağıq. Nəticə də özü gələcək".
Klub rəsmisi qış transfer dönəmində heyətə yeni oyunçuların cəlb olunacağını da istisna etməyib: "Hazırda gündəmimizdə hansısa futbolçu yoxdur. Amma pley-off matçlarına kimi vaxtımız var. Bu müddət ərzində məşqçilər heyəti transfer istəsə, biz də lazım olan dəstəyi göstərəcəyik".
Qeyd edək ki, "Qarabağ" "Braqa"ya qarşı pley-offdakı ilk oyununu fevralın 15-də səfərdə, cavab matçını isə bir həftə sonra Bakıda keçirəcək.