"Qarabağ"da günlərlə, həftələrlə, hətta aylarla danışılacaq hadisə baş verib.
Ağdam klubu Andrey Lunyovla danışıqları son anda dayandırıb və onunla yolları ayırmağı vacib sayıb.
"Köhlən atlılar" ötən ilin yayında sıralarına qatdığı rusiyalı qapıçıya başqa komandalarla danışıqlar aparmaq icazəsi verib.
Mövsümlərarası fasilədə "Bayer"dən gəlmiş və 1+1 illik müqaviləyə imza atmış 32 yaşlı kiperin irəli sürdüyü yeni maliyyə şərtləri ondan imtinaya səbəblərin başında gəlir.
İyunun 3-də "Zirə" ilə ölkə kubokunun final matçından sonra bu xəbərin rəsmən açıqlanması nəzərdə tutulur. Bəlkə də Lunyov ona qədər düşərgəni birdəfəlik tərk elədi.
Bu qərar ''Qarabağ''-ın oyun gedişinə necə təsir edəcək? Lunyovun yerinə kimin keçmə ehtimalı var?
İdman jurnalisti Ağa Dadaşzadə "Sherg.az"a söyləyib ki, bu '' Qarabağ'' üçün ən doğru qərardır:
"Lunyov Azərbaycanda sanki, özünü rahat hiss etmirdi. Yəni, o bir növ narazı görünürdü. Qolkiperin oynadığı müddətdə bir dəfə belə, üzünün güldüyünü görmədik. Hətta, Avropa liqasından sonra, futbolçunun meneceri qalmaqal yaratdı. O bununla Lunyovun qiymətini artırmaq istəyirdi. Həmçinin, onun performansı da çox aşağı səviyyədə idi. Lunyov Avropa Liqasında oynadığı üçün "Qarabağ"-a təşəkkür etməlidir. Bu həmçinin, oyunçunun kariyerasına yeni nəfəs verdi və "Qarabağ"dan sonra Rusiya millisinə cəlb olundu. Məlumata görə, Ağdam klubu artıq yeni qapıçı axtarışına başlayıb. Fikrimcə, ondan da münasib qiymətə və güclü qapçı tapılacaq. Eyni zamanda, Luka Quqeşaşveli artıq özünü doğrultmağa çalışır. Ola bilsin ki, Luka Qarabağın əsas qapıçısı seçilsin. Əslində, Lunyovun gedişi ən doğru variantdır. Çünki Qarabağa xüsusi performansı ilə xeyir verməyib. Onu sıradan qapıçı kimi dəyərləndirmək olar".