İdman geyimi istehsal edən məşhur şirkətin rəhbəri istefa verdi

İdman geyimləri istehsal edən "Nike"ın direktorlar şurası şirkətin rəhbərliyində gözlənilən dəyişikliklər barədə məlumat verib.

Oxu.Az bu barədə RBC-yə istinadən xəbər yayır.

Məlumata görə, 2020-ci ilin yanvarından prezident və baş icraçı direktor vəzifəsini tutan Con Donahyu oktyabrın 14-də istefa verəcək. Onu 1988-ci ildə təcrübə proqramı ilə "Nike"da karyerasına başlayan şirkət əfsanəsi Elliot Hill əvəz edəcək.

Hill "Nike"da uzun bir yol keçib və 2020-ci ildə istehlakçı bazarları üzrə prezident vəzifəsində karyerasını başa vurub. Onun qayıdışı son illərdə Çin və Avropada istehlakçı tələbatının azalması da daxil olmaqla bir sıra çağırışlarla üzləşən şirkət üçün yeni bir dövrün başlanğıcına işarə edir.

"The New York Times" qəzeti yazır ki, Donahyunun xidmətlərinə baxmayaraq, o, "Nike"ı yeni səviyyəyə çıxara biləcək yenilikçi və marketoloq kimi qəbul edilmirdi. İnvestorlar rəhbərliyin dəyişməsi xəbərini həvəslə qarşılayıblar: elanın ardından şirkətin səhmləri 10% artaraq 89.26 dollara çatıb. Lakin bu göstərici hələ də 2021-ci ilin noyabrında qeydə alınan 177 dollarlıq maksimumdan uzaqdır.