Futbol üzrə Türkiyə Kubokunun 1/4 final mərhələsində “Beşiktaş” “Göztəpə”ni qəbul edib.
“Report” xəbər verir ki, “Beşiktaş Park”da keçirilən matçı baş hakim Atilla Karaoğlan idarə edib.
Oyunda hesab 30-cu dəqiqədə açılıb. “Qara qartallar”ın albaniyalı yarımmüdafiəçisi Ernest Muçi topu tora qovuşdurub. 36-cı dəqiqədə ev sahiblərinin müdafiəçisi Tayyib Sanuç qırmızı vərəqə alaraq meydandan qovulub. Cərimə zərbəsi qazanan izmirlilər bu imkandan maksimum yararlanıblar. 38-ci dəqiqədə braziliyalı Romulo Kardozo dəqiqə zərbə ilə topu qapıdan keçirib.
İkinci hissədə təzyiqi artıran qonaqlar daha iki qol vuraraq İstanbul təmsilçisini məğlub ediblər. 79-cu dəqiqədə penaltidən fərqlənən Kardozo cəmi iki dəqiqə sonra het-trikini rəsmiləşdirib.
Beləliklə, “Göztəpə” 49 illik aradan sonra Türkiyə Kubokunun yarımfinalına adlayıb. İzmir təmsilçisi növbəti mərhələdə “Trabzonspor”la münasibətlərə aydınlıq gətirəcək.
Mərhələnin digər qarşılaşması isə “Konyaspor”la “Qalatasaray” arasında baş tutacaq.
Oyunlar aprelin 22, 23-ü və ya 24-də keçiriləcək.