- Rauf Ağamirzəyev Bakıda tikinti siyasətinin görünməyən təhlükəsini açıqladı
Şəhər həm də insanın sağlamlığına təsir edən məkandır. Yaşıllıqlar, kölgəli səkilər, təhlükəsiz küçələr, təmiz hava və səs-küyün azaldılması əlavə üstünlük deyil, keyfiyyətli şəhər mühitinin ayrılmaz hissəsidir. Bu fikirlərin müəllifi nəqliyyat və logistika məsələləri üzrə mütəxəssis Rauf Ağamirzəyev şəhərlərdə həyat keyfiyyətinin yüksəldilməsi vasitələrindən danışıb.
Mütəxəssis Sherg.az-a açıqlamasında qeyd etdi ki, şəhər böyüyürsə, həyat keyfiyyəti də artmalıdır:
- Dünyanın böyük şəhərlərinin təcrübəsi göstərir ki, əhali artdıqca şəhərsalma yalnız yeni binaların tikintisi ilə məhdudlaşa bilməz. Mənzil, nəqliyyat, iş yerləri, məktəblər, səhiyyə müəssisələri, parklar və ictimai məkanlar vahid sistem kimi planlaşdırılmalıdır. Tokio təcrübəsi dəmir yolu stansiyalarının ətrafında yaşayış, iş və xidmət sahələrinin formalaşdırılmasının əhəmiyyətini göstərir. Nyu-York sıx tikinti şəraitində ictimai nəqliyyatın və piyada infrastrukturunun rolunu nümayiş etdirir. Şanxay isə hündürmərtəbəli tikintinin nəqliyyat və ictimai məkanlarla uzlaşdırılmasının vacibliyini ortaya qoyur.
Bəs bizdə - paytaxt Bakıda vəziyyət necədir?
Mütəxəssis bildirdi ki, Bakı üçün də əsas sual nə qədər bina tikəcəyimiz deyil, şəhərin artan əhaliyə necə xidmət edəcəyidir:
- Yeni yaşayış massivləri salınarkən yalnız mənzil sayı deyil, həmin ərazidə yaradılacaq nəqliyyat imkanları, məktəblər, uşaq bağçaları, səhiyyə xidmətləri, yaşıllıqlar və piyada əlçatanlığı da əvvəlcədən hesablanmalıdır. Çoxmərtəbəli yaşayış binalarının tikilməsi özlüyündə şəhərsalma problemi deyil. Problem bu sıxlığın müvafiq infrastrukturla təmin edilməməsidir. Metro və avtobus imkanları məhdud olan, gündəlik xidmətlərə çatmaq üçün avtomobildən asılılıq yaradan yaşayış məhəllələri şəhərin nəqliyyat yükünü daha da artırır. Müasir şəhərsalmanın əsas prinsiplərindən biri insanların gündəlik ehtiyaclarını yaşadıqları əraziyə yaxın təmin etməkdir. Digər mühüm prinsip isə piyada, velosiped və ictimai nəqliyyat üçün təhlükəsiz, əlçatan və fasiləsiz mühit yaratmaqdır. Şəhər həm də insanın sağlamlığına təsir edən məkandır. Yaşıllıqlar, kölgəli səkilər, təhlükəsiz küçələr, təmiz hava və səs-küyün azaldılması əlavə üstünlük deyil, keyfiyyətli şəhər mühitinin ayrılmaz hissəsidir. Hesab edirəm ki, Bakının gələcək inkişafı zamanı hər yeni yaşayış layihəsi üç əsas sualla qiymətləndirilməlidir; Burada yaşayan insanlar gündəlik ehtiyaclarına nə qədər asan çatacaqlar? Ərazi mövcud nəqliyyat və kommunal infrastruktura hansı əlavə yükü gətirəcək? Yeni tikinti şəhərin ekoloji vəziyyətini, ictimai məkanlarını və həyat keyfiyyətini yaxşılaşdıracaq, yoxsa pisləşdirəcək? Şəhərsalma tikintini deyil, insanın həyatını planlaşdırmaqdır. Uğurlu şəhər insanları daha çox məsafə qət etməyə məcbur edən deyil, onların vaxtına, sağlamlığına və rahatlığına qənaət edən şəhərdir.