Daha çox taksi xidmətindən istifadənin artdığını görürük - EKSPERT

"Fərdi avtomobillər üçün rahat şərait yoxdur. Ödənişli dayancaqların sayı artıb, düzgün “parkovka” etmədikdə cərimə yazılır"

"Bu tendensiya davam edərsə, ictimai nəqliyyatdan istifadə daha da artacaq"

Bu ilin yanvar- mart aylarında taksi xidmətlərindən 19 milyon 488 min sərnişin istifadə edib. “APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,5% çoxdur.

Həmin dövrdə ictimai nəqliyyatda da sərnişin axınında artım qeydə alınıb. Belə ki, cari ilin I rübündə avtobuslardan 432 milyon 39,9 min, metrodan isə 53 milyon 508,3 min sərnişin istifadə edib ki, bu göstəricilər də illik müqayisədə müvafiq olaraq 8,6% və 1,3% artıb. Eyni zamanda, hava nəqliyyatı ilə daşınan sərnişinlərin sayı 5,5% artaraq 912,6 min nəfərə, dəmiryolu nəqliyyatı üzrə isə 23,8% artaraq 2 milyon 568,7 min nəfərə çatıb.

İqtisadçı Rauf Qarayev “Sheg.az”a açıqlamasında bildirdi ki, hava şəraitinin kəskin dəyişməsi, şəxsi avtomobillərin istifadəsində yaranan həm “parkovka” problemi, həm də cərimələrin getdikcə yüksəlməsi insanları vadar edir ki, şəxsi avtomobillərindən imtina etsinlər və daha çox ictimai nəqliyyatdan istifadə etsinlər: 

- Burada daha çox taksi xidmətindən istifadənin artdığını görürük. Fərdi avtomobil sahibləri bir sıra çətinliklərlə üzləşirlər. Ödənişli dayancaqların sayı artıb, düzgün “parkovka” etmədikdə cərimə yazılır, ümumiyyətlə, yol-hərəkəti qaydalarının pozulmasına görə cərimələr artır, şəxs avtomobil sahibləri problemlərlə üzləşməmək, artıq xərcə düşməmək, cərimələrdən xilas olmaq, həm də daha rahat hərəkət üçün bir çox hallarda taksi xidmətinə üstünlük verirlər. Aeroporta gedəndə də avtomobillərini qarajda saxlayır, taksi xidmətindən istifadə edirlər. Bu, taksi xidmətinin qiymətinin enməsi və ya qalxması ilə bağlı deyil. Cərimələr və ödənişli “parkovkalar”ın artmasıyla əlaqəlidir. Fərdi avtomobillər üçün rahat şərait yoxdur. Bu tendensiya davam edərsə, ictimai nəqliyyatdan istifadə daha da artacaq. Bu, yaxşı haldır. Bir evdən 2-3 avtomobilin küçəyə çıxması yollarda sıxlığa gətirib çıxarır. Amma bu vəziyyət qısa müddətli deyil, davamlı olacaqsa, ictimai nəqliyyatdan istifadə edənlərin sayı artacaq.