İstanbulda sosial mənzil hərəkatı: 100 min ev üçün püşkatma başladı

Ərdoğan vətəndaşları köhnə binalarını yeniləməyə dəvət edib

İstanbulda “Yüzilin Konut Projesi” çərçivəsində 100 min sosial mənzil üçün püşkatma mərasimi başlayıb. Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, mənzillər 7 313 lirədən başlayan aylıq ödənişlə, 240 ay müddətinə (20 il) və 10% ilkin ödənişlə vətəndaşlara təqdim olunacaq. Püşkatma prosesi 3 gün davam edəcək.

Sherg.az xəbər verir ki, layihə çərçivəsində Türkiyə üzrə 500 min sosial mənzil tikilməsi planlaşdırılır və indiyədək milyonlarla vətəndaş müraciət edib. Ən çox müraciət İstanbuldan qeydə alınıb.

Ərdoğan çıxışında İstanbulun zəlzələyə davamlı şəhərə çevrilməsinin vacibliyini vurğulayıb və kentsel dönüşüm (şəhər yenilənməsi) layihələrinin sürətlə davam etdiyini bildirib. O, “Yarısı Bizdən” kampaniyasına qoşulmağa çağırış edərək vətəndaşları köhnə binalarını yeniləməyə dəvət edib.

Bundan əlavə, kirayə sosial mənzil sisteminin də ilk dəfə İstanbulda tətbiq olunacağı və layihə çərçivəsində təkcə ev deyil, məktəb, səhiyyə mərkəzi, sosial və mədəni obyektlərin də inşa ediləcəyi qeyd olunub.

Ərdoğan layihəni Türkiyə tarixinin ən böyük sosial mənzil təşəbbüsü adlandırıb və onun milyonlarla insanın mənzil probleminin həllinə töhfə verəcəyini bildirib.