Pensiyaçıların dəqiq sayı açıqlanıb - Yarıdan çoxu yaşa görə alır


Bu ilin yanvar-iyun aylarında pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilmiş vəsaitin məbləği ötən ilin müvafiq dövrünə nisbətən 3,4 faiz artırılaraq 1854,8 milyon manata çatdırılıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, vəsaitin 97,7 faizini pensiya xərcləri təşkil edib.

2019-cu il iyulun 1-nə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda 1291,3 min nəfər pensiyaçı qeydiyyatda olub. Bu da ölkə əhalisinin 13 faizini təşkil edir. Onların 58,4 faizi yaşa, 30 faizi əlilliyə, 11,6 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.

Təyin olunan aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 6 faiz artaraq 232,3 manat təşkil edib və orta aylıq əməkhaqqının 39,7 faizinə bərabər olub.

"Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə 2019-cu il 19 fevral tarixli qanuna əsasən, 2019-cu il 1 mart tarixindən əmək pensiyasının minimum məbləği 160 manat müəyyən olunub.