İqtisadçı: İqtisadiyyat böyüyəndə manatın dövretmə sürəti artır

Bu il dekabrın 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 3,57 bənd təşkil edib.
Bu barədə Trend Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata görə, bu, noyabrın 1-i ilə müqayisədə 0,02 bənd az, ilin əvvəlinə nisbətən 0,09 bənd, illik müqayisədə isə 0,05 bənd çoxdur.
Bu ilin dekabrın 1-nə Azərbaycanda manatla geniş mənada pul kütləsinin həcmi isə 34,6 milyard manat təşkil edib. Bu, ilin əvvəlinə nisbətən 2,1% az, bir ay əvvələ olan analoji göstəricidən 0,04%, illik müqayisədə isə 1,3% çoxdur.

Məsələ ilə bağlı "Sherg.az"a danışan iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, iqtisadiyyat böyüyəndə manatın dövretmə sürəti artır, iqtisadiyyat kiçiləndə isə azalır:

“Bu artım yaxşı hesab edilir. Manatın dövretmə sürətinin artması, milli valyutanın iqtisadiyyatda daha tez-tez istifadə edildiyini və pulun əl dəyişdirmə sürətinin yüksəldiyini göstərir. Əksinə, aşağı dövretmə sürəti, pulun daha az istifadə edildiyini və iqtisadi aktivliyin zəif olduğunun göstəricisidir. Dövretmə sürətinin yüksəlməsi, iqtisadiyyatda mal və xidmətlərin alqı-satqısının artdığını, yəni iqtisadi aktivliyin canlandığını nümayiş etdirir. Həmçinin pul vahidinin daha sürətli dövriyyəsi, mövcud pul kütləsinin daha effektiv istifadə edildiyini və iqtisadi əməliyyatların artdığını ifadə edir. Lakin dövretmə sürətinin artması hər zaman müsbət qəbul edilmir. Nəticə etibarilə, pulun dövretmə sürətinin dəyişməsi insanların iqtisadi rifahına həm müsbət, həm də mənfi təsir göstərə bilər”.