Deputat: "Həmin məcburi köçkünlər çox çətin və ağır vəziyyətdə yaşayırdılar"

Prezident İlham Əliyevin sosial siyasətində məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması prioritet istiqamətlərdəndir. Hər il minlərlə məcburi köçkün ailəsi dövlət vəsaiti hesabına inşa edilən yeni qəsəbələrdə mənzil və evlə təmin olunur. Məcburi köçkünlərin mənzil, təhsil, sağlamlıq problemlərinin həllinə Birinci vitse-prezident Mehriban Əliyeva da xüsusi diqqət və qayğı göstərir, bu sahədə mühüm işlər görülür.

Beyləqan rayonu ərazisində 146 məcburi köçkün ailəsi üçün inşa edilmiş yeni qəsəbə avqustun 26-da istifadəyə verilib.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, bütün zəruri sosial-texniki infrastrukturu olan məhəllənin tikintisi “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlər çərçivəsində aparılıb. Bu, ölkə üzrə məcburi köçkünlər üçün salınmış sayca 105-ci qəsəbədir.

Millət vəkili Elman Məmmədov Sherg.az-a bildirib ki, məcburi köçkünlərimizə qayğının göstərilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması həmişə cənab prezidentin diqqəti məkrəzindədir. Beyləqandakı qəsəbənin də istifadəyə verilməsi bu sahədə atılan növbəti addımlardandır.

Deputat qeyd edib ki, hələ ilin sonuna qədər bir neçə yerdə məcburi köçkün ailələri üçün yeni qəsəbələrin istifadəyə verilməsi nəzərədə tutulur:

"Dövlətimiz hər bir vətəndaşına olduğu kimi, o cümlədən ehtiyacı olan insanlarımıza, məcburi köçkünlərimizə, Qarabağ əlillərinə, müharibə veteranlarına xüsusi qayğı göstərir. Görülən bütün işlər də bunun əyani sübutudur. Beyləqanda 146 ailə mənzillə təmin olunub. Həmin ailələrin məskunlaşdığı yerlərdə dəfələrlə olmuşam, çox çətin və ağır vəziyyətdə yaşayan ailələr idi. Bu gün isə onlar mənzillə təmin olunduqları üçün sevinc içindədirlər. Amma ölkə başçısının qeyd etdiyi kimi, bizim məcburi köçkün kimi ən böyük sevincimiz doğma yurdumuza qayıtmaq olacaq. O zamana kimi köçkünlərimiz yaxşı şəraitdə yaşamalı və mənzillərlə təmin olunmalıdır. Bütün bunlar dövlətimizin qayğısı, cənab prezidentin qarşısına qoyduğu məqsədlərin icrasıdır. Bir millət vəkili və məcburi köçkün kimi ölkə başçısına təşəkkürlərimi bildirirəm”.