“Şimal-Cənub Nəqliyyat Dəhlizinin reallaşması daha çox siyasi məsələlərlə bağlıdır”. Bunu Sherg.az-a açıqlamasında iqtisadçı-ekspert Fuad İbrahimli deyib. İqtisadçının sözlərinə görə, tarixən Azərbaycanın cənub və şimal qonşuları dünyaya inteqrasiyada müəyyən problemlər yaşayıb:
“1979-cu il İran inqilabından sonra Tehran hökuməti dünyadan təcrid olunub. Rusiya isə həm sovetlər dönəmində, həm də müstəqillik dövründə xarici siyasətdə daim problemlər yaşamaqdadır. Problemlər ondan ibarətdir ki, dünyanın ən qabaqcıl, iqtisadi cəhətdən inkişaf etmiş ölkələri sözügedən iki ölkə ilə qarşıdurma yaşayır. Məhz bu səbəbdən Rusiya və İran davamlı olaraq sanksiyalara məruz qalırlar. Uzun zaman keçsə də, problemlər bitmir. Hər iki ölkə Azərbaycanın olduqca əlverişli geostrateji mövqeyə malik olduğunu bilir. Rusiya və İranın Avropaya çıxışı Azərbaycan üzərindən daha əlverişlidir”.
Ekspertin sözlərinə görə, Azərbaycan qlobal meqalayihələrin sahibi kimi tanınır:
“Azərbaycan regional və qlobal əhəmiyyət kəsb edən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ərzurum və bununla yanaşı "Cənub Qaz" Dəhlizi layihəsini reallaşdırıb. Layihələrin hamısı uğurla başa çatdırılıb və kifayət qədər böyük iqtisadi dividendlər əldə olunub. Əslində Rusiya və İran "Şimal-Cənub" Nəqliyyat Dəhlizi layihəsinə qoşulmaqda maraqlıdır. Ancaq bu prosesi ləngidən əsas səbəb hər iki ölkəyə qarşı davamlı sanksiyalar tətbiq olunmalıdır. Bir iqtisadçı kimi əminliklə deyirəm ki, bu layihə qısa zaman kəsiyində ciddi gəlir gətirəcək. Layihə reallaşandan bir müddət sonra elastikliyini və səmərəliliyini aydın şəkildə görəcəyik”.