“Azərbaycanın "Şimal-Cənub" Nəqliyyat Dəhlizi ilə bağlı layihənin ciddiliyini nəzərə alaraq investisiya yatırması, ölkəmizə beynəlxalq arenada etibarlı tərəfdaş imicini qazandırıb”. Bunu Sherg.az-a açıqlamasında millət vəkili Elman Nəsirov bildirib.
Deputat bildirib ki, Azərbaycan beynəlxalq enerji və nəqliyyat dəhlizlərinin qovşağında yerləşir:
“Azərbaycan bu sahədə dünyaya çox ciddi töhfələr verən dövlətə çevrilib. Atdığımız addımlar bütün Avrasiyanın nəqliyyat dəhlizi xəritəsini də dəyişib. Bu kontekstdə Azərbaycan “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin reallaşmasında mühüm rol oynayır. Azərbaycanın bu nəqliyyat dəhlizinin reallaşması üçün atdığı addımlar nəticə etibarilə geniş bir arealda iqtisadi və siyasi təhlükəsizlik məsələlərinin həllinə böyük töhfə verir. Beynəlxalq "Şimal-Cənub" Nəqliyyat Dəhlizi layihəsi 2000-ci ildə İran, Rusiya və Hindistan tərəfindən dövlətlər arasında nəqliyyat əlaqələrini inkişaf etdirmək məqsədi ilə yaradılıb. Dəhliz vasitəsi ilə yüklərin gəmilərlə Hindistanın Mumbay limanından İranın Bəndər-Abbas limanına gətirildikdən sonra qatarlara yüklənməsi və İranın mövcud dəmir yolu ilə Azərbaycan ərazisindən Rusiyaya, oradan Şimali Avropa ölkələrinə çatdırılması planlaşdırılır. Hazırkı marşrut üzrə malların çatdırılma vaxtı 45-60 gündür, Şimal-Cənub dəhlizi vasitəsilə 14-20 gün olması gözlənilir”.
Parlament üzvü bəyan edib ki, 2005-ci ildən etibarən layihənin önəmli parçasına çevrilən Azərbaycan son illərdə üzərinə götürdüyü bütün vəzifələri icra edib:
“İran sərhədinə qədər dəmir yolu infrastrukturunun yenilənməsi təmin edilib və cari ilin martında İran prezidenti Həsən Ruhaninin ölkəmizə rəsmi səfəri çərçivəsində Astara-Rəşt dəmir yolu hissəsinin tikintisinin maliyyələşdirilməsi ilə bağlı saziş imzalanıb. Azərbaycan Qəzvin-Rəşt-Astara-Astara dəmir yolunun tezliklə istifadəyə verilməsində maraqlıdır və artıq yolun Rəşt-Astara hissəsinin tikintisinə 500 milyon dollar güzəştli kredit ayrılıb. Ələtdə Beynəlxalq Limanın tikilib istifadəyə verilməsi və azad iqtisadi zonanın yaradılması nəticəsində Azərbaycan Mərkəzi Asiyanı Qərblə, Cənubi Asiyanı isə Şimalla birləşdirən nəqliyyat qovşağına çevriləcək. Hazırda beynəlxalq siyasi arenada baş verən gərginliklər, "Şimal-Cənub" layihəsinin reallaşmasını gecikdirsə də, bu problemin ölkəmizdən qaynaqlanmadığı aydındır. Azərbaycan gerçəkləşdirilməsi lazımi bütün infrastruktur layihələrini uğurla həyata keçirib”.
E.Nəsirov Prezident İlham Əliyevin nəqliyyat dəhlizlərinin təhlükəsizliyinə xüsusi önəm verdiyini vurğulayıb:
“Azərbaycan, Rusiya və İran prezidentlərinin iştirakı ilə keçirilən görüşlərdə bir çox məsələ ilə birgə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin reallaşması və bu istiqamətdə atılan addımlar diqqət mərkəzində olur. Azərbaycan Avropanın enerji təhlükəsizliyində Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri, Cənub Qaz Dəhlizi ilə çıxış edir. Eyni zamanda Azərbaycanın iştirakı ilə Bakı-Tbilisi-Qars dəmir yolu xətti işə salınıb, Bakı Beynəlxalq Limanı istifadəyə verilib. Bütün bunlar nəticə etibarilə qlobal nəqliyyat dəhlizlərinin yaradılmasında həlledici rolunun təmin edilməsi istiqamətində atılan mühüm addımlardır. Bir sözlə, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan nəqliyyat dəhlizlərinin yaradılmasında xüsusi çəkiyə malikdir və bu istiqamətdə əməli addımlar atır”.