Deputat: "Bu layihə bizi Fars Körfəzinə və Hind okeanına çıxara bilər"

“Azərbaycan dövləti layihələrlə bağlı həmişə öz öhdəliklərini dəqiq və tam şəkildə yerinə yetirir”.  Bunu Sherg.az-a açıqlamasında millət vəkili, professor Musa Qasımlı deyib. 

Deputat bildirib ki, belə layihələrdən biri də "Şimal-Cənub" Nəqliyyat Dəhlizidir: 

“Azərbaycan hökuməti öz ərazisində "Şimal-Cənub" Dəhlizi ilə bağlı məsələləri tam həll edib və istifadəyə verib. Digər məsələlər isə artıq Azərbaycandan asılı deyil. Bu məsələ regionda baş verən hadisələrlə və bir-biri ilə rəqabət aparan dövlətlər arasındakı münasibətlərin səviyyəsi ilə bağlıdır.

Azərbaycan belə layihənin işə düşməsində maraqlıdır. Bu layihə bizi Fars Körfəzinə və Hind okeanına çıxara bilər. Azərbaycan Şimal-Cənub arasında tranzit rolunu oynayar və böyük fayda gətirər. Amma təəssüf olsun ki, bəzi dövlətlər arasındakı münasibətlər və gərginlik hələki bu işi başa çatdırmağa imkan vermir”.