Savaş qızışır: Ticarət müharibələri neftin qiymətinə ciddi təsir edəcək    

“Dünyada neftin qiymətinin dəyişməsinə fundamental iqtisadi səbəblər deyil, daha çox geosiyasi olaylar, münaqişələr təsir göstərir”.  Bunu Sherg.az-a açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli deyib. 

İqtisadçı bildirib ki, ticarət müharibələri neftin qiymətinə ciddi təsir edə biləcək amildir:

“Çin, ABŞ və Avropa Birliyi arasında ticarət savaşlarının qızışması ehtimalı çox yüksəkdir. Belə bir ehtimalın yüksək olduğu zamanda dünya iqtisadiyyatında artım tempinin azalması müşahidə oluna bilər. Əgər ticarətdə azalmalar müşahidə olunacaqsa, bu, birbaşa iqtisadi aktivliyə də təsirsiz ötüşməyəcək. Bu da ümumilikdə dünya ticarətinin zəifləməsinə gətirib çıxaracaq. Ticarət müharibələri davamlı şəkildə gedərsə, dünya iqtisadiyyatında artım tempinin zəifləməsinə və istehlakın azalmasına səbəb ola bilər”. 



Natiq Cəfərli: "Neftin qiymətinin qarşıdakı illərdə 55 dollardan aşağı düşməsi ehtimalı çox zəifdir"


N.Cəfərli Azərbaycanla bağlı narahatlığa ciddi əsas olmadığını vurğulayıb: 

“Azərbaycanın dövlət büdcəsində neftin qiyməti 2019-cu il üçün 60 dollardan götürülüb. Gələn ilin büdcəsi isə 65 dollardan götürülüb. Yəni daha konservativ yanaşma var. Ona görə də neftin qiymətinin qarşıdakı illərdə 55 dollardan aşağı düşməsi ehtimalı çox zəifdir. Hətta ticarət savaşları qızışsa belə neftin qiyməti 50-55 dollar civarında tənzimlənəcək. Azərbaycanda makroiqtisadi göstəricilərlə bağlı müəyyən gərginlik yarana bilər. Lakin kəskin böhranlı vəziyyətin yaranması ehtimalı real görünmür”.