“Rusiya ilə Azərbaycan arasında münasibətlər siyasi, iqtisadi və humanitar sahələr üzrə öz inkişaf dinamikasını qoruyub saxlayır”. Bunu Sherg.az-a açıqlamasında millət vəkili Azər Badamov deyib.
Deputat bəyan edib ki, Rusiya-Azərbaycan arasındakı münasibətlər strateji əməkdaşlıq xarakteri daşıyır:
“Siyasi sahədə hər iki ölkə bir-birinə dəstək durur. Eyni zamanda Rusiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Beynəlxalq təşkilatlarda bir-birimizə arxa-dayaq oluruq. Bu da Bakı-Moskva arasındakı münasibətlərdən və ölkə başçıları arasındakı şəxsi dostluqdan qaynaqlanır. Rusiya ilə iqtisadi münasibətlər də öz inkişaf dövrünü yaşayır. İqtisadi sahə üzrə Rusiya ilə Azərbaycan arasında 5 strateji "yol xəritəsi" imzalanıb. Bu "yol xəritə"lərində göstərilmiş hədəflərin icrası Azərbaycanla Rusiya arasındakı iqtisadi əlaqələrin inkişafına dair yeni mərhələ açıb. Bu ilin 8 ayı ərzində Azərbaycanla Rusiya arasında gedən ticarət dövriyyəsi 3 milyard dollara yaxınlaşıb. Rusiyanın bu gün Azərbaycanda 700-ə yaxın şirkəti sərmayə yatırıb və qoyulan sərmayələrin həcmi 6 milyard dollara çatıb. Azərbaycan da öz növbəsində Rusiyaya 1.3 milyard dollardan artıq sərmayə yatırıb. Bu baxımdan diqqət yetirəndə iki ölkə arasındakı əlaqələrin perspektiv imkanları daha da genişdir. Rusiya həm də Azərbaycan kənd təsərrüfatı məhsullarının ixrac edildiyi əsas bazardır. Strateji yol xəritələrinin icrası, Rusiyada Azərbaycan nümayəndəliklərin açılması və s. iki ölkə arasındakı əlaqələrin inkişaf etdirilməsi imkanlarını genişləndirir”.
Parlament üzvü bəyan edib ki, bu gün Azərbaycan Cənubi Qafqazda regional layihələrin təşəbbüskarı və təşkilatçısıdır:
“Bu layihələri Şimal-Cənub və hətta Qərb-Şərq nəqliyyat dəhlizləri kimi də qeyd etmək olar. Şimal-Cənub nəqliyyat dəhlizi ilə Rusiyanın Azərbaycan üzərindən daşıdığı yüklər bu il 63 faiz artıb. Qərb-Şərq dəhlizi üzrə isə daşınan yüklərin artım göstəricisi 70 faizdən çox olub. Bu onu deməyə əsas verir ki, iki ölkə arasında iqtisadi əməkdaşlıq daha da genişlənir. Eyni zamanda, Azərbaycanın kənd təsərrüfatı məhsullarının ən çox ixrac olunduğu ölkə elə Rusiyadır. Bu gün ölkəmizin kənd təsərrüfatı məhsulları Rusiya bazarlarında geniş yer alır. Düşünürəm ki, gələcəkdə Azərbaycanın kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracı daha genişlənəcək. Başqa sözlə desək, bu ixracı 2 dəfədən çox artırmaq potensialı mövcuddur. Eləcə də Azərbaycanın Rusiyada ticarət evləri, nümayəndəlikləri fəaliyyət göstərir. Bütün bunları nəzərə alaraq, Rusiya ilə Azərbaycan arasında iqtisadi əlaqələrin perspektiv inkişaf imkanlarının daha da geniş olduğunu qeyd etmək olar”.