Türkiyə və Rusiya qarşılıqlı ticarətdə milli valyutadan istifadə edilməsi ilə bağlı razılaşma imzalayıblar. Bu barədə Rusiyanın maliyyə naziri Anton Siluanov məlumat verib. Onun sözlərinə görə, söhbət “Türkiyə ilə ödəmələrdə və müqavilələrdə milli pul vahidlərinin istifadə edilməsi haqqında razılaşma”dan gedir.
Ekspertlərə görə, iki ölkə arasında atılan bu addım bir növ ABŞ-ın iqtisadi sanksiyalarına, ən əsası isə dollar hegemonluğuna qarşıdır. Lakin onların fikrincə, bunun nə dərəcədə effektli olduğunu gələcək zaman göstərəcək.
“Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı “Şərq”ə açıqlamasında bunun son dərəcə müsbət addım olduğunu deyib. İqtisadçının fikrincə, getdikcə daha çox ölkə bu metodu tətbiq edəcək:
“Artıq bir neçə ölkə belə edir. Çin neft birjasında neftin yuanla satılacağını və kim istəsə yuanı qızıla çevirə biləcəyini bəyan edib. ABŞ dollardan dünyada hegemonluq etmək məqsədi ilə təsir vasitəsi kimi istifadə edir. Birja və bank maxinasiyaları yolu ilə yüz milyardlarla pul qazanır və ölkələrin iqtisadiyyatını çökdürür. FED adlı qlobal cinayətkar sistem dolların uçot dərəcəsini süni olaraq artırıb-azaltmaqla dünya maliyyə sistemini qarışdırır”.
E.Bayramlı bildirib ki, əksər ölkələr təzyiqlərdən bezdikləri üçün alternativ yollar axtarırlar:
“Rusiya, Çin və bəzi ölkələr dollar ehtiyatlarını qızıla çevirir, öz aralarında milli valyutalarla ticarət həyata keçirirlər. Hamı bu üsula keçərsə, durmadan çap edilib dünyaya buraxılan kağız parçalarının hökmranlığına son verilə bilər. Biz də dollar “təcavüzündən” milyardlarla zərər çəkmişik. Hesab edirəm ki, Rusiya, Çin, Türkiyə və İranla milli valyutalarla ticarətə keçmək lazımdır. Əminəm ki, bu proses davam edəcək və daha çox ölkə qoşulacaq”.