“Vergi sektorunda və eyni zamanda vergi yığmada şəffaflığın artırılması vacibdir”. Bunu Sherg.az-a açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov deyib.
İqtisadçı bildirib ki, Prezident tərəfindən 2018-ci ilin sonunda bu il üçün müəyyənləşdirilən iqtisadi prioritetlərdə əsas hədəf kölgə iqtisadiyyatına qarşı mübarizənin gücləndirilməsi, gömrük və vergi sistemində islahatların genişləndirilməsi ilə bağlıdır:
“Dövlət başçısı qeyd etdiyi kimi əvvəllər vergi sektorunda olan problemlərin mərhələli şəkildə aradan qaldırılması müşahidə olunur. Ölkə rəhbərinin vurğuladığı kimi əvvəlki dövrlərdə vergi sisteminin dəyişməyəcəyi ilə bağlı ideya formalaşmışdı. Lakin islahatlar və Prezidentin siyasi iradəsi nəticəsində bu sektorun liberallaşması və şəffaflığın artırılması mümkün oldu. Aparılan fəaliyyət bir tərəfdən vergi ödəyicilərinin hüquqlarının qorunması baxımından vacibdirsə, digər tərəfdən praktiki olaraq dövlət büdcəsinə daha çox vəsaitlərin cəlb edilməsinə imkan yaradır. Bu cəhətdən son müşavirə də göstərdi ki, vergi daxilolmalarda xeyli artımlar var. Nəticə etibarilə bu sahədə vergi yığımlarının genişlənməsi və daha çox verginin büdcəyə ödənilməsi, həm də büdcənin fizikal öhdəliyinin yerinə yetirilməsi baxımından çox vacibdir.
V.Bayramovun sözlərinə görə, Prezidentin göstərişi ondan ibarətdir ki, vergi və gömrük sektorunda islahatlar davam etdirilməlidir:
“Son müşavirə ondan xəbər verir ki, biz yaxın dövlərdə bu sahədə daha çox işlərin və islahatların aparılmasını müşahidə edəcəyik. Bu da birmənalı şəkildə şəffaflığın genişləndirilməsinə müsbət təsir göstərəcək”.