Uçot dərəcəsinin azalması bank kreditlərinə təsir göstərməyəcək

Mərkəzi Bankın bu addımı dekorativ xarakter daşıyır



“MB faiz dərəcəsini aşağı saldığını deyir, amma banklara kredit vermir”



Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 8 faizdən 7,75 faizə endirilməsi haqqında qərar qəbul edib. Faiz dəhlizinin aşağı həddi 6 faiz, yuxarı həddi isə 9,5 faiz səviyyəsində müəyyən olunub. MB sədri Elman Rüstəmovun sözlərinə görə, rəhbərlik faiz dəhlizinin parametrlərinə növbəti dəfə dekabrın 13-də baxacaq. Bəzi ekspertlərin fikrincə, uçot dərəcəsinin azalması kommersiya banklarının faiz dərəcələrinə də təsir göstərəcək. 

Faiz dərəcəsinin aşağı düşməsi isə kredit götürmək imkanlarını artıracaq. Lakin bununla razılaşmayan mütəxəssislər də var.

Məsələn, iqtisadçı-ekspert, hüquqşünas Əkrəm Həsənov “Şərq”ə açıqlamasında deyib ki, reallıqda uçot dərəcəsinin azalması bank kreditlərinə müsbət təsir göstərmir:

“Bir müqayisə aparım. Biz hər il Amerika Federal Ehtiyat Sisteminin uçot dərəcəsinin necə dəyişəcəyini izləyirik. Uçot dərəcəsi müəyyən proseslərə görə, qalxıb-düşür və nəinki ABŞ-a, ümumiyyətlə, dünya bazarlarına təsir göstərir. Çünki onların uçot dərəcəsi realdır və işləyir. Amma bizdə Mərkəzi Bankın uçot dərəcəsi dekorativ xarakter daşıyır. Uçot dərəcəsi Mərkəzi Bankın digər banklara verdiyi kreditin faiz dərəcisidir. Qanuna görə, istənilən bank MB-dən müəyyən olunmuş uçot dərəcəsinə görə kredit götürə bilər.



Ancaq Mərkəzi Bank bütün banklara kredit vermir. Daha doğrusu, istədiyinə verir, istəmədiyinə isə vermir. Sadəcə hər il uçot dərəcəsinin aşağı düşdüyünü açıqlayır. Bilirsiz, bu, nəyə bənzəyir? Elə zənn edin ki, bir alverçi bazarda kartofun bir kiloqramını 3 manata, digər tacir isə 50 qəpiyə satır. Təbii olaraq, hamı 50 qəpiklik kartofa üz tutur. Lakin həmin alverçi heç kimə mal satmır. Yəni ucuz qiymətə satdığını deyir, amma reallıqda satmır. Bax, bizdə Mərkəzi Bankın vəziyyəti budur. MB faiz dərəcəsini aşağı saldığını deyir, amma bir neçə bank istisna olmaqla digərlərinə kredit vermir”.