“Son illər Azərbaycanda dəmir yolu infrastrukturuna böyük investisiyalar qoyulur. Bu investisiyalar hesabına dəmir yolu infrastrukturu böyük dərəcədə inkişaf edib. Təsadüfi deyil ki, Davos Ümumdünya İqtisadi Forumunun son hesabatında dəmir yollarının səviyyəsinə və keyfiyyətinə görə, Azərbaycan dünya miqyasında 34-cü yerdədir. Bu, kifayət qədər yüksək göstəricidir, son illərdə aparılan işlərin təzahürüdür. Onu da əlavə etməliyəm ki, nəqliyyat infrastrukturunun səviyyəsinə görə biz dünyada 31-ci yerdəyik”.
Bu sözləri Prezident İlham Əliyev “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədrini qəbul edərkən deyib.
Ölkə başçısı bildirib ki,Azərbaycanda bütün nəqliyyat infrastrukturu yeniləşir, müasirləşir, keçən il yeni dəniz ticarət limanı, 2017-ci ildə Bakı-Tbilisi-Qars tarixi dəmir yolu istifadəyə verilib, daxili dəmir yolları müasirləşir:
“Bir sözlə, Davos hesabatında bizim yüksək yerə malik olmağımız reallığı əks etdirir. Ancaq bununla paralel olaraq biz gələcəkdə bu sahəyə daha böyük diqqət göstərməliyik. Çünki ölkəmizin uğurlu inkişafı, o cümlədən nəqliyyat infrastrukturundan asılıdır”.
Millət vəkili Aydın Hüseynov da “Sherg.az”az-a açıqlamasında qeyd edib ki, Azərbaycanın nəqliyyat infrastrukturu və siyasi sabitliyi ölkənin əhəmiyyətinin artmasına səbəb olub.
Onun fikrincə, Azərbaycanın həyata keçirdiyi Şərq-Qərb nəqliyyat dəhlizi və Trans-Xəzər nəqliyyat dəhlizi layihələrinin reallaşması Çin-Azərbaycan iqtisadi əlaqələrində yeni bir mərhələ açdı:
"Azərbaycan dünyanın ən böyük iqtisadiyyatı olan ölkəsi hesab edilən Çinin "Bir kəmər, bir yol" təşəbbüsünü ilk dəstəkləyən dövlətlərdəndir. Çindən Avropaya göndərilən yüklərin daşınmasında Azərbaycanın təqdim etdiyi tranzit daşımalarla bağlı imkanlar çox səmərəlidir və perspektivlidir. "Bir kəmər, bir yol" təşəbbüsü nəqliyyat sahəsində yeni imkanlar açmaqla yanaşı, ticarəti, turizmi, xalqlar arasında təmasları təşviq edir və Avrasiya məkanında sabitliyin, təhlükəsizliyin və sülhün bərqərar olması işinə xidmət göstərir".
Millət vəkili diqqətə çatdırıb ki, Azərbaycan ölkəmizin coğrafi mövqeyindən və nəqliyyat-tranzit infrastrukturundan səmərəli istifadə etməklə, regionda və dünyada yükdaşımalarda mövqeyinin daha da yüksəlməsinə nail olmaq üçün ciddi iş aparır:
"Təbii ki, bu istiqamətdə dünyanın ikinci iqtisadiyyatına malik olan Çin ilə əlaqələr xüsusi əhəmiyyətə malikdir. Ümumilikdə Çinlə Azərbaycan arasında qarşılıqlı münasibətlər ticari-iqtisadi, humanitar sahələrdə əməkdaşlığın geniş spektri, eləcə də irimiqyaslı beynəlxalq əhəmiyyətli layihələrin reallaşdırılması sayəsində kifayət qədər perspektivlidir. Çinlə Azərbaycan arasındakı dostluq və əməkdaşlıq əlaqələri günü-gündən inkişaf edir".