Bakı-Tbilisi-Qars kimi layihələr Azərbaycanı regional nəqliyyat dəhlizinə çevirib

 
«Yəni, onu demək istəyirəm ki, vaxtilə Azərbaycanın təşəbbüsü ilə başlanan və bizim böyük maliyyə dəstəyimizlə reallaşan Bakı-Tbilisi-Qars dəmir yolu çox mühüm əhəmiyyət daşıyır. Mən əvvəllər də, biz dəmir yolunun təməlini qoyanda da bunu demişəm ki, bu layihə dünyanın nəqliyyat xəritəsini yenidən tərtib edir və bu layihə açıq dənizə çıxışı olmayan Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzinə çevirəcəkdir». 

Bu sözləri Prezident İlham Əliyev “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədrini qəbul edərkən deyib. 

Ölkə başçısı qeyd edib ki, eyni zamanda, biz Şimal-Cənub nəqliyyat dəhlizinə də çox böyük diqqət yetirmişik:

«Azərbaycan ərazisində bütün işlər yekunlaşıb, o cümlədən İran sərhədinə qədər uzanan dəmir yolunun tikintisi də artıq 2 ildir ki, tamamlanıb. O cümlədən dəmir yolu körpüsü tikilib və hazırda Şimal-Cənub nəqliyyat dəhlizi işləyir. 2018-ci ildə bu dəhlizlə daşınan yüklərin həcmi 8 dəfə, bu ilin 9 ayında daha 70 faiz artmışdır. Yəni, böyük potensial var və eyni zamanda, Şimal-Qərb nəqliyyat dəhlizi işləyir. Rusiyadan, həmçinin İrandan gələn yüklər Qərb istiqamətinə Azərbaycan ərazisindən daşınır. Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin iştirakçıları bir çox ölkələrdir. Ancaq onların arasında yeganə ölkə Azərbaycandır ki, hər iki layihədə iştirak edir və hər iki layihənin reallaşmasına öz dəyərli töhfəsini vermişdir. Bu, bizə gələcəkdə həm siyasi, həm iqtisadi dividendlər gətirəcək, artıq gətirir. Dəmir yolu nəqliyyatı sahəsindəki əməkdaşlıq ölkələri bir-birinə daha da yaxın edir, təhlükəsizliyi möhkəmləndirir, bölgədə vəziyyəti daha da müsbət istiqamətdə inkişaf etdirir və hər bir ölkəyə böyük iqtisadi dividendlər gətirir».

İqtisadçı-ekspert Pərviz Heydərov da «Sherg.az»a bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin imkanlarından maksimum yararlanmaq lazımdır: 

"Proses artıq başlayıb. Bu dəmir yolu xəttinin çəkilişi uzun vaxt apardı. Həmçinin çox investisiya tələb edən bir layihə idi. Azərbaycan bu məsələdə öz mövqeyini ortalığa qoydu və geri çəkilmədi. Nəhayət ki, layihə reallaşdı. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin iqtisadi gəlirliyi aydındır. Bu xətt vasitəsi ilə sərnişindaşıma əvvəlcədən planlaşdırılan bir məsələ idi  və diqqətdə saxlanılırdı. Çünki bu dəmir yolu xətti ilə sərnişindaşıma qatar turizminin və bütövlükdə turizm sektorunun inkişafına böyük dəstək olacaq. Çünki qatar turizmi turistlər üçün alternativ bir yol tətbiq edir. Bu, sərnişindaşımadan əlavə gəlir əldə etmək baxımından bizim üçün çox önəmlidir. Hesab edirəm ki, bu nəqliyyat qovşağı yükdaşımadan əldə olunan gəlirlərdən əlavə, yaxın və orta müddətli dövr ərzində sərnişindaşıma sahəsində də gəlirli layihə kimi özünü doğrulda biləcək.
Bakı-Tbilisi-Qars bizim üçün böyük əhəmiyyət daşıyır. Azərbaycan bu kimi layihələrin fonunda regional nəqliyyat dəhlizinə çevrilib. Sərnişindaşıma vasitəsi ilə gələcəkdə ölkəyə daha çox valyuta daxil olacaq”.