“Eyni zamanda, baxmayaraq ki, Şimal-Cənub nəqliyyat dəhlizi işləyir, ancaq Bakı-Yalama və Ələt-Astara dəmir yollarının vəziyyəti bizi qane edə bilməz. Çünki vaxtilə orada təmir işləri aparılmamışdır. Yollar tamamilə yenidən qurulmalıdır ki, qatarların sürəti artsın”.
Bu sözləri Prezident İlham Əliyev “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədrini qəbul edərkən deyib.
Ölkə rəhbəri vurğulayıb ki, hazırda qatarlar saatda təqribən 40, maksimum 50 kilometr sürətlə gedir:
“Bu, böyük yükləri daşımağa və sərnişinlərə keyfiyyətli xidmət göstərməyə imkan vermir. Ona görə bizim məqsədimiz həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat dəhlizlərinin dəmir yolu hissəsinin modernləşdirilməsidir. Elə etməliyik ki, qatarlar saatda minimum 140 kilometr sürətlə hərəkət edə bilsin. Artıq Bakı-Yalama və Ələt-Astara dəmir yollarının modernləşdirilməsi prosesi başlanmışdır”.
Millət vəkili Tahir Mirkişili “Sherg.az”a söyləyib ki, dəmir yolu təsərrüfatında aparılan işlər arasında ölkənin beynəlxalq bazarlara çıxışının təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər xüsusilə qeyd olunmalıdır:
“Bakı-Tbilisi-Qars dəmir yolu xətti istifadəyə verildikdən sonra Şimal-Cənub və Şərq-Qərb dəhlizləri çərçivəsində yükdaşıma üçün yeni marşrut yaranıb. Azərbaycan ərazisi ilə daşınan yüklərin həcmi artıb. Halbuki əvvəllər dəmir yolları ilə yükdaşımalar az idi. Bu gün Azərbaycanın üzv olduğu beynəlxalq nəqliyyat dəhlizləri dünyada ən sonunculardan və yeni istifadəyə verilənlərdən hesab edilir.
Həmin dəhlizlərə yeni texnologiyaların tətbiqi yükdaşımaların artmasına səbəb olur. Azərbaycan Avropa və Asiya, Şimal və Cənub arasında intensivliyin artmasında rol oynayır. Bu rol ölkənin “Qlobal Rəqabətlilik Hesabatı”nda 11-ci yerdə qərarlaşmasına səbəb olur.
Bu hesabatda yüksək mövqedə olmaq Azərbaycan iqtisadiyyatının digər ölkələrin iqtisadiyyatları ilə inteqasiyaya, əməkdaşlığa hazır olduğunu göstərir. Ölkəmizlə əməkdaşlıq etmək istəyən xarici şirkətlərin sayını artır”.