Regionlara investisiya cəlb etmək çətin deyil: Qanunvericilikdə dəyişiklik edilməlidir

Prezident İlham Əliyev icra hakimiyyəti başçılarını təyin edərkən, onlardan etdiyi tələbin biri də, rəhbərlik etdiyi rayonlara investisiyanın cəlb edilməsi ilə bağlıdır. Ölkə başçısı icra orqanlarına tapşırır ki, sahibkarlığın inkişafı, yeni iş yerlərinin açılması üçün investisiya cəlb edilməsi istiqamətində addımlar atılsın. 

Regionlara, xüsusən də əyalət şəhər və rayonlarına investisiya cəlb edilməsi məsələsinin həlli yolunun o qədər də çətin olmadığını deyən ekspertlər bildirirlər ki, bunun üçün icra orqanları məqsədyönlü addımlar atmalıdırlar. 


Natiq Cəfərli: "İcra başçıları konkret rayonlardakı potensialı öyrənməli və buna uyğun yatırımların cəlb olunması haqqında düşünməlidirlər"


İqtisadçı ekspert Natiq Cəfərli Sherg.az-a deyib ki, ilk növbədə nəzərə almaq lazımdır ki, müxtəlif rayonlardakı şərait fərqlidir:

"Yəni bir bölgəyə aid sərmayə planları başqası üçün uğursuz nəticələnə bilər. Bu da, o, deməkdir ki, rayonlara fərdi yanaşmaq lazımdır. Ümumi cəhət isə ondan ibarətdir ki, rayonlara xarici investitorlar cəlb olunmalıdır. Düzdür, bunun  üçün bəzi addımlar atılıb. Məsələn şirkətlər qeydiyyata alınıb, onlayn kargüzarlıq işləri həyata keçirilib. Ancaq bu, sahibkarlar üçün kifayət deyil. Onların arzuları, istəkləri başqadır. Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv olması xarici investorlar üçün çox cəlbedici ola bilər. Bundan başqa, investisiyaların qorunması ilə bağlı əlavə qanuna ehtiyac var. Həmçinin, Rəqabət Məcəlləsinin qəbul edilməsi də vacib məsələlərdən biridir. Ümumiyyətlə, qanunlara müəyyən əlavə və düzəlişlər edildikdən sonra icra başçıları konkret rayonlardakı potensialı öyrənməli və buna uyğun yatırımların cəlb olunması haqqında düşünməlidirlər. Sözsüz ki, bölgələrdə müxtəlif sərgilər keçirilməli, əcnəbi sahibkarlar rayonlara dəvət olunmalıdır. Doğrudur, gedişat onu göstərir ki, gələcəkdə xarici investitorlarla iş daha intensiv xarakter ala bilər. Lakin arzuolunan  nəticə üçün, hər şeydən əvvəl mövcud qanunvericilikdə dəyişikliklər edilməlidir".

Kənan Novruzov