Nəqliyyat dəhlizlərinin ölkəmizə xeyiri: Azərbaycana xaricdən gələn mallar ucuzlaşacaq

“Dünya nəqliyyat sistemində ən böyük paya malik olan dəmiryolu nəqliyyatı həm təhlükəsizlik, həm səmərərəlilik, həm də həcm baxımından fərqlənir. Bu sahədə dünyada ən böyük şəbəkə Böyük İpək yolu çərçivəsində yaradılan marşrutlardır ki, bunlardan da birinin əsas qovşaq xətlərindən biri Bakı-Tbilisi-Qars dəmiryoludur”.

Bu fikirləri Sherg.az-a açıqlamasında “Altay” Sosial-Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisadçı Elçin Bayramlı deyib.

İqtisadçı qeyd edib ki, bu marşrut Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrinin birləşdirilməsini, yük və sərnişinlərin birbaşa olaraq Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Avropa və Asiyaya çıxarılmasını təmin edəcək:

“Bununla yanaşı, layihə region ölkələrin tranzit potensialının artmasına, ölkəmizin xarici iqtisadi əlaqələrinin genişlənməsinə xidmət edəcək. Hazırda Avropa və Asiyadan Azərbaycana gətirilən mallar hava və dəniz yolu ilə, həmçinin avtomaşınlarla daşındığından və xərclər yüksək olduğundan çox baha başa gəlir. Avropa və Asiya arasında mühüm nəqliyyat xəttinə çevrilən BTQ dəmiryolu tam gücü ilə işlədikdə Azərbaycana tranzitdən gəlirlər gətirməklə yanaşı, həm də ölkəmizin bazarlarında xarici malların ucuzlaşmasına səbəb olacaq. Bundan başqa, öz məhsullarımızın da xarici bazarlara çıxarılması asanlaşacaq”. 



E.Bayramlı bildirib ki, Bakı-Tbilisi-Qars dəmiryolunun işə düşməsi yeni regional və transmilli layihələri, turizmin inkişafını da stimullaşdırır:

“Bundan başqa, əgər yaxın gələcəkdə Naxçıvandan Türkiyənin İqdır əyalətinin ərazisi ilə Qarsadək 215 kilometrlik dəmir yolu çəkilərsə, bu, Türkiyə və Gürcüstan vasitəsilə Muxtar Respublikanın Azərbaycanın əsas hissəsi ilə dəmiryolu əlaqəsini təmin edəcək. Bu layihələrin ən böyük üstünlüyü Azərbaycanın ildə qazanacağı pul deyil. Ölkəmizdən keçən bu nəqliyyat şəbəkələrinin strateji dividentləri də olacaq. Azərbaycanın dünyada siyasi və iqtisadi nüfuzu artracaq”.

Qeyd edək ki, bu günlərdə Prezident İlham Əliyev Bakı-Tbilisi-Qars dəmir yolunun çox mühüm əhəmiyyət daşıdığını bildirib. Ölkə başçısı “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədrini qəbul edərkən bir sıra mühüm məsələlərə toxunub. Prezident eyni zamanda qeyd edib ki, biz Şimal-Cənub nəqliyyat dəhlizinə də çox böyük diqqət yetirmişik.