TANAP-dan qazanacağımız: Bu layihə Azərbaycan üçün müstəsna əhəmiyyətlidir

Azərbaycan Prezidenti İlham Əliyev Trans-Anadolu qaz kəmərinin (TANAP) tikintisi layihəsinin başa çatması ilə əlaqədar təşkil olunacaq rəsmi mərasimdə iştirak edəcək. Noyabrın 30-da bu layihənin başa çatması ilə əlaqədar rəsmi mərasim keçirilməsi planlaşdırılır. 

TANAP-ın Azərbaycana verəcəyi iqtisadi dvidendlər barədə Sherg.az-a danışan Neft Araşdırmaları Mərkəzinin rəhbəri, iqtisadçı İlham Şaban bildirib ki, bu layihənin Azərbaycan üçün iqtisadi əhəmiyyəti olduqca böyükdür.

İqtisadçı qeyd edib ki, əgər 2011- ci ilin sonunda TANAP-la bağlı Azərbaycan və Türkiyənin energetika nazirləri ilk sənədi imzalamasaydılar, bundan sonrakı mərhələdə hökümətlərarası və kommersiya sazişlərinin imzalanması da çətin olardı:

“TANAP layihəsi olmasaydı, Cənub Qaz Dəhlizi də olmazdı. Yaxud da Cənub Qaz Dəhlizi layihəsi 10 il uzanacaqdı. Necə ki, 2002-ci ildən 2012-ci ilə qədər kağız üzərində mövcud oldu. Ona görə TANAP Azərbaycan üçün müstəsna əhəmiyyəti olan bir layihə oldu. Məhz bu layihə Azərbaycan qazının böyük bazarlara çıxarılmasına imkan verdi. Qazın neftdən fərqi ondadır ki, onun alıcısı olmasa, layihələri icra etmək mümkünsüzdür. Yəni, neft elədir ki, onu çıxarıb haradasa saxlayıb və avtomobil, yaxud da boru kəməri ilə daşıya bilərsən. Amma qaz bir növ elektrikə bənzəyir. Onu çıxartdınsa çox cuzi miqdarda yeraltı qaz anbarında saxlaya bilərsən. Qazı çıxartdıqda o, istehlakçıya getməlidir. Ona görə də əvvəlcə istehlakçı tapılmalıdır və bundan sonra qazın çatıdırılma yolu olmalıdır. Çatdırılma yolu olmadısa, deməli malik olunan xəzinə heç vaxt kapitala çevrilməyəcək. Karbohidrogen ehtiyatı istehlakçıya getməlidir ki, ondan pul gəlsin. Pul gəlmirsə, sənin trilyonlarla kubmetr qazın olsa da, ondan yararlanmayacaqsan. Bu baxımdan da TANAP-ın Azərbaycana verdiyi iqtisadi dvindend çox böyükdür.  



İlham Şaban: "Məhz bu layihə Azərbaycan qazının böyük bazarlara çıxarılmasına imkan verdi"


Noybarın 30-da TANAP layihəsinin başa çatması ilə əlaqədar rəsmi mərasim olacaq. Bu, o deməkdir ki, TANAP Gürcütsan sərhədindən Yunanıstan sərhədində qədər Azərbaycan qazının Avropa bazarlarına ötürülməsinə nail olacaq. Biz 21-ci əsri özümüz və dünya üçün "qaz əsri" adlandırmışıqsa, deməli bu qazı istehlakçılara çatdıran vasitəyə də malik olmalıyıq. TANAP həmin "instrument"dir. Hansı ki, artıq Azərbaycan ona sahibdir. Azərbaycan sərhədlərindən kənarda boru kəmərlərinə də sahiblik edir. Bu, ölkəmizin müstəqillik dövründə ən böyük nemətidir”.