Azərbaycanda siqaret istehsalı kəskin artacaq - PROQNOZ


Azərbaycanda gələn il 10 mlrd. ədəd siqaret və papirosların istehsal ediləcəyi proqnozlaşdırılır ki, bu da 2019-cu il üçün olan gözləntilərlə müqayisədə iki dəfə çoxdur.

"Sherg.az" APA-ya istinadən bildirir ki, Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin zərfinə istinadən verilən məlumata görə, bu il ölkədə 5 mlrd. ədədə yaxın siqaret və papirosların istehsalı nəzərdə tutulub.

Məlumata əsasən, bu göstəricinin ilbəil artacağı proqnozlaşdırılır. Belə ki, 2021-ci ildə ölkədə 10 156 mln. ədəd, 2022-ci ildə - 10 370,2 mln. ədəd, 2023-cü ildə isə 10 648,8 mln. ədəd siqaret və papirosların istehsal olacağı gözlənilir.

Qeyd edək ki, 2018-ci ildə Azərbaycanda 4 949,7 mln. ədəd siqaret və papiros istehsal edilib.

Bundan başqa, proqnozlara əsasən, respublikada fermentləşdirilmiş tütünün də istehsalında artım dinamikası qeydə alınacaq. Gözləntilərə əsasən, 2019-cu ildə Azərbaycanda 4 959,4 ton, 2020-ci ildə - 6 441,5 ton, 2021-ci ildə - 8 265,7, 2022-ci ildə - 8 607,7 ton, 2023-cü ildə isə 8 778,7 ton fermentləşdirilmiş tütün istehsal ediləcək.

Xatırladaq ki, 2018-ci ildə ölkədə 3 501,7 ton fermentləşdirilmiş tütün istehsal edilib.