2020-ci il dövlət büdcəsi və büdcə zərfinə daxil olan məsələlər Milli Məclisdə müzakirə edilir. Hökumət nümayəndələri də bu müzakirələrdə fəal iştirak edir, qaldırılan məsələlərlə bağlı fikir və şərhlərini bildirirlər. Bu sözləri Milli Məclisdə çıxışı zamanı Maliyyə naziri Samir Şərifov deyib.
Nazirin sözlərinə görə, deputatlar tərəfindən qaldırılan məsələlər daha çox İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi və Maliyyə nazirlikləri tərəfindən cavablandırılıb.
Samir Şərifov bir qrup deputatın seçildiyi ərazilər üzrə uşaq bağçaları, idman mərkəzləri, xəstəxanaların yenidən qurulması, təmiri, qaz və yol infrastrukturuna dair məsələləri qaldırdığını bildirib.
Nazir qeyd edib ki, nəqliyyat sektoruna 1 milyard 722 milyon, su, qaz və elektrik çəkilişlərinə 697 milyon, sənaye və energetika üzrə 137 milyon, ekologiya və kənd təsərrüfatı sahəsinə 156 milyon manat ayrılması təmin edilib. Onun sözlərinə görə, təhsil müəssisələrinin tikintisi və təmiri üçün 336 milyon manat ayrılıb: “Bunun hesabına bütün rayonlarda məktəb və uşaq baxçaları tikilib. Səhiyyə obyektlərinin qurulmasına 74 milyon, şəhid ailələrinə ev tikmək məqsədilə 3 milyon manat ayrılıb”.
Samir Şərifov 2020-ci il dövlət büdcəsindən də investisiya layihələri üçün böyük məbləğ nəzərdə tutulduğunu vurğulayıb:
“Millət vəkilləri tərəfindən qaldırılan məsələlərin həlli üçün müəyyən təminat həyata keçirilə bilər. Digər qrup təkliflər iqtisadi məsələlərlə bağlı olub. Əksər sualların təqdim edilən qanun layihəsinə aidiyyatı yoxdur. Hesab edirik ki, bu məsələlərə başqa formatda baxıla bilər. Həmin təklif və şərhlərdə qanun layihəsinə düzəliş və əlavələrin edilməsi nəzərdə tutulmur. Bir sıra təkliflər isə yeni qanunvericilik aktlarının qəbulu və mövcud qanunlara dəyişiklik edilməsini nəzərdə tutur”.
Nazir qeyd edib ki, 2020-ci il dövlət büdcəsinə Azərbaycan prezidenti tərəfindən baxılıb və bir sıra məsələlərlə bağlı düzəlişlərin edilməsi mümkün sayılıb:
“Siyasi partiyaların maliyyələşməsinə bir milyon manat əlavə edilərək vəsait 4 milyon manata çatdırılır. İctimai birliklərə nəzərdə tutulan məbləğ 900 min manat artırılaraq 5,5 milyon manata çatdırılır, Milli Məclisin maliyyə təminatı üçün 2020-ci il dövlət büdcəsindən parlamentə 1,9 milyon manat artırılması təklif edilir”. Nazirin çıxışından sonra “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi ikinci oxunuşdan qəbul edilib.