İllərdir qəbulunu gözləyən Rəqabət Məcəlləsi: Bunu kim və ya nə ləngidir?

“Açıq demək lazımdır ki, Rəqabət Məcəlləsi ölkədə fəaliyyət göstərən məmur biznesinin maraqlarına ziddir”

Bunu Sherg.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib. 

Ekspert bildirib ki, Rəqabət Məcəlləsinin bugünə qədər qəbul olunmamasının bir sıra səbəbləri var: 

“Rəqabət məcəlləsi məmur biznesinin sonunu gətirə bilər. Parlamentdə bizneslə məşğul olan məmurlar və müxtəlif lobbi qrupları Məcəllənin qəbulunu əngəlləyir. Hələ də Azərbaycanda məmurlar biznesdən qoparılmayıb. Düzdür, bu yöndə müəyyən işlər görülüb. Lakin arzulanan mənzərənin şahidi ola bilməmişik. Məmur biznesdən tamamilə uzaqlaşdırılmalıdır”.



Natiq Cəfərli: "Hələ də Azərbaycanda məmurlar biznesdən qoparılmayıb"


N.Cəfərlinin firkincə, Rəqabət Məcəlləsi şirkətlərə, fiziki və hüquqi şəxslərə hüquq pozuntuları zamanı hüquqi platforma təqdim edəcək: 

“Rəqabət Məcəlləsinin qəbul edilməsi hüquqi prosedurlara başlamağa imkan verəcək. İndiki şəraitdə qanunla tənzimlənən mexanizm yoxdur. Rəqabət Məcəlləsi bazarın tənzimlənməsində də rol oynayacaq. Məcəllə bazar payı yüksək olan şirkətləri rəqabət qaydalarına uyğun hərəkət etməyə, qiymət və bazar siyasətinə uyğun davranmağa sövq edəcək. Rəqabəti pozanlar, qiymət artımına yol verənlər isə cəzalandırılacaq. Ona görə də bu qanunun qəbulu çox önəmlidir”.