Ekspertdən ŞOK İDDİA: “Vaxtaşırı bank müştərilərinin hesabından cüzi məbləğdə pul oğurlayırlar”

“Unibank” müştərilərinin hesablarından pul silinməsi iki halda baş verə bilər”.  Bunu Sherg.az-a açıqlamasında iqtisadçı Əkrəm Həsənov deyib. 

Ekspert bildirib ki, bankın informasiya texnologiyaları sistemində, idarəetmə proqramında yanlışlığa yol verilərsə, nəticədə bütün hesablardan müəyyən məbləğ silinə bilər: 

“Müasir dövrdə əksər məsələlərimizi kompüterlərə həvalə etmişik. Kompüterlər alqoritmlərlə işləyir, yəni bir tenxiki səhv avtomatik bütün sistemin işinə zərbə vurur. Ancaq bu halda bankın bir neçə müştərisinin deyil, ümumiyyətlə hamısının hesabında problem olmalı idi. İstənilən halda zərərçəkmiş müştərilərin ziyanını bank özü kompensasiya etməlidir. Bəlkə bayram günlərində bankda hesabı olan bir şəxs vacib ödəniş etməli imiş, ancaq məlum problemə görə edə bilməyb?! Səbəb bank hesabından “təsadüfən” pulun silinməsi olub. Bu halda vətəndaş bankdan ona vurulan zərərin əvəzini tələb edə bilər. Təbii ki, öncə ona dəyən ziyanı sübut etməlidir”. 



Əkrəm Həsənov: “Bayram günləri xeyli adamın içkili olacağını hesab edən dələduzlar kartlardan daha çox pul oğurlamağa cəhd ediblər”


İqtisadçının sözlərinə görə, burada dələduzluq hallarından da söhbət gedə bilər: 

“Müəyyən şəxslər vaxtaşırı bank müştərilərinin hesabından cüzi məbləğdə vəsaitlər oğurlayırlar. Lakin məbləğ o qədər kiçik olur ki, çox vaxt müştərilər bunu hiss etmir. Bizim də kartımızıdan qəpik-quruş çıxılarsa, fərqində olmarıq. Bəlkə də bunu edirlər, sadəcə xəbərimiz olmur. Görünür, bayram günləri xeyli adamın içkili olacağını hesab edən dələduzlar kartlardan daha çox pul oğurlamağa cəhd ediblər. Əlbəttə, bu bir versiyadır və ciddi araşdırılmalıdır. İstənilən halda məsuliyyət bankarın üzərindədir”. 

Qeyd edək ki, bayram günlərində “Unibank” müştərilərinin hesablarından pul silinib. Bu barədə bankın müştəriləri sosial şəbəkədə məlumat paylaşıblar. Məsələ ilə bağlı açıqlama yayan "Unibank" məlumatı təsdiq edib. Lakin bank narahatlığa əsas olmadığını bildirib: “Bayram günlərində aparılan profilaktik işlərlə bağlı bəzi kartların balansında dəyişikliklər olub. Hazırda sistemdə texniki yenilənmələr gedir. Bank əməkdaşları məsələnin həlli ilə məşğuldurlar. Narahatlığa heç bir əsas yoxdur. Ən qısa müddət ərzində kartların balansı bərpa ediləcək”.