Prezident İlham Əliyevlə Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan arasında keçirilmiş görüşdə Türkiyə ilə Naxçıvan istiqamətində yük nəqliyyat vasitələrinin və vətəndaşların hərəkətində yaranan məhdudiyyətlər müzakirə edilib. Dövlət Sərhəd Xidmətinin məlumatına görə, mövcud vəziyyətlə bağlı Azərbaycan prezidenti İlham Əliyev türkiyəli həmkarı Ərdoğan qarşısında məsələ qaldırıb. Nəticədə Ərdoğan tərəfindən Türkiyənin “Dilucu” sərhəd buraxılış məntəqəsindən yük nəqliyyat vasitələrinin “Sədərək” buraxılış məntəqəsindən buraxılmalarına dair müvafiq dövlət orqanlarının rəhbərlərinə göstərişlər verilib.
Qardaş ölkə ilə sərhəddə məhdudiyyətlərin aradan qaldırılmasını Sherg.az-a dəyərləndirən iqtisadçı-ekspert Fuad İbrahimov məsələnin tarixinə nəzər salmağın vacib olduğunu bildirib.
Ekspert xatırladıb ki, sovet imperiyası dağılandan və Ermənistanın işğalçılıq siyasəti başlayandan sonra Naxçıvanla quru üzərindən hərəkət məhdudlaşdı:
“Sovet vaxtı Meqri rayonundan həm dəmiryolu, həm də avtomobil yolları vasitəsiylə gediş-gəliş təmin olunurdu, lakin İran və Türkiyə ilə dövlət sərhədlərimiz bağlı idi. Müharibə nəticəsində quru yolu ilə Naxçıvana gediş-gəliş əngəlləndi. Yaranmış problemi İran ərazisi ilə çözmək və gediş-gəlişi təmin etmək mümkün oldu. Bu addım Ulu Öndər Heydər Əliyev tərəfindən atılmışdı. Ümummilli liderin birbaşa səyi və iradəsi nəticəsində “Sədərək” sərhəd buraxılış məntəqəsinin açılışı baş tutmuşdu. “Sədərək” sərhəd buraxılış məntəqəsi Azərbaycan, o cümlədən Türkiyə üçün çox mühümdür. Çünki qarşılıqlı və intensiv gediş-gəliş hər iki ölkənin iqtisadiyyatına önəmli töhfələr verir”.
İqtisadçı: “Məhdudiyyətlərin aradan qaldırılması ticarət əlaqələrinin genişlənməsinə səbəb olacaq”
İqtisadçının sözlərinə görə, bu gediş-gəlişdən sadəcə Naxçıvan deyil, Türkiyənin özü, əsasən də İğdır vilyəti böyük səmərə götürür:
“Məhz “Sədərək” buraxılış məntəqəsinin hesabına İğdırın sosial vəziyyəti xeyli yüksəlib. Ancaq obyektiv və subyektiv səbəblərdən Türkiyə ilə sərhəd keçid məntəqələrində son zamanlar müəyyən məhdudiyyətlər müşahidə olunurdu. Bəzən isə gediş-gəlişdə qarşılıqlı süni problemlər yaradılırdı. Lakin dövlət başçılarının məsələyə birbaşa müdaxiləsi mövcud məhdudiyyətlərin aradan qaldırılması ilə yanaşı, ticari əlaqələrin və biznes mühitinin genişlənməsinə gətirib çıxaracaq. O səbəbdən bu, çox önəmli məsələdir”.