"Azərbaycan etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirir"



“Ulu öndər Heydər Əliyevin müəllifi olduğu  neft strategiyası Azərbaycana davamlı uğurlar qazandırır. Bunu əsaslandırmaq üçün 1994-cü ildə «Əsrin müqaviləsi»nin imzalanmasından ötən dövr ərzində Azərbaycanın enerji sektorunda qazandığı uğurların xronologiyasına diqqət yetirmək kifayətdir”.
Bu barədə  “Sherg.az” Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.  
O qeyd edib ki, çoxlarına əfsanə kimi görünən BTC və BTƏ neft-qaz kəmərlərinin reallığa çevrilməsi əməkdaşlığın regional çərçivədən çıxaraq beynəlxalq müstəvidə davamına geniş yol açdı:

“Bu gün haqqında bəhs etdiyimiz Cənub Qaz Dəhlizi görülən işlərin zirvəsi kimi dəyərləndirilir. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, biz çox nadir əməkdaşlıq formatını müəyyən etdik.» 



 V.Rəhimzadə qeyd edib ki,   2015-ci ildən ənənəvi  keçirilən  Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin  toplantısı müxtəlif əməkdaşlıq formatlarının təşəbbüskarı kimi çıxış edən Azərbaycanın enerji sektorunda əldə  etdiyi uğurların təqdimatında əhəmiyyətli rol oynayır:

 “Hər bir toplantı Azərbaycanın bu sahədə iştirakçısı və təşəbbüsçüsü olduğu layihənin uğurla başa çatması, yaxud yeni layihənin gündəmə gətirilməsi ilə yadda qalır.  2018-ci il Cənub Qaz Dəhlizinin rəsmi açılışı, eyni zamanda, onun əsas seqmentlərindən olan  TANAP-ın istifadəyə verilməsi ilə yadda qaldı. 2019-cu ildə Türkiyənin İpsala qəsəbəsində TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılışı oldu. Cari ilin sonuna Cənub Qaz Dəhlizinin  tərkib hissələrindən olan TAP-ın istifadəyə verilməsi nəzərdə tutulur. Artıq TAP-la bağlı işlərin 92 faizi həyata keçirilib. Dövlətimizin başçısı bu uğurlara söykənərək, ən əsası  hər bir layihənin  nəzərdə tutulduğu vaxtda başa çatdığını önə çəkərək  bildirir ki, bu, bizim hamımızın uğur hekayəsidir.
Baş redaktor diqqətə çatdırıb ki, ölkə Prezidentinin tədbir iştirakçılarını  gələn ilin fevralında  ölkəmizə qonaq dəvət etməsi təsadüfi deyildi.  “Çünki hesab edirəm ki, TAP-ın tikintisinin tamamlanması bizim komanda işimizin sonu demək deyil. Düşünürəm ki, gələn ilin fevral ayında burada - Bakıda bir çox məsələləri nəzərdən keçirmək lazımdır. Sonra da biz gələcək üçün strategiyamızı hazırlayacağıq» söyləyən dövlətimizin başçısı bu fikirləri ilə Azərbaycanın hər layihənin uğurlu sonluqla başa çatmasının  iştirakçısı olmaqla yanaşı, eyni zamanda, yeni layihələrin gündəmə gətirilməsində maraqlı olduğunu bir daha bəyan edir. Reallaşan hər bir layihə Azərbaycanın ölkələr, xalqlar arasında körpü roluna yeni əlavələr edir. Qeyd etdiyimiz kimi, artıq əməkdaşlığın coğrafiyası genişlənmiş, iştirakçı dövlətlərin sayı artmaqdadır.   Əsas olan  məqsəd və bu məqsədə çatmaq üçün  səylərin birləşdirilməsi, təşəbbüslərin dəstəklənməsi və ümumi mövqenin ortaya qoyulmasıdır.

 V.Rəhimzadə bildirib ki, enerji layihələrinin uğurlu  icrası  Azərbaycanın dövlət büdcəsinə milyardlarla  dollar vəsaitin daxil olmasına geniş yol açır: 

“Neft gəlirlərinin səmərəli istifadəsi  mühüm sosial-iqtisadi layihələrin icrasını şərtləndirir. 2003-cü ildən  neft kapitalının  insan kapitalına  çevrilməsi istiqamətində atılan  addımlar məhz  neft strategiyasının məntiqi nəticəsidir. Azərbaycanın dünya təcrübəsinə istinadən müəyyənləşdirdiyi  iqtisadi strategiya   onun dünyanı bürüyən maliyyə və iqtisadi böhrandan uğurla çıxmasına geniş yol açdı.  Neft hasil edən bir sıra ölkələrdə varlı və yoxsullar arasındakı fərqin çox yüksək olduğunu önə çəkən dövlətimizin başçısı İlham Əliyev bildirir ki, ona görə də bizim əsas məqsədimiz  nefti - “qara qızıl”ı insan kapitalına çevirmək olub. Son 16 ildə Azərbaycanda yoxsulluq səviyyəsinin  49 faizdən 4,8 faizə düşməsi  onu göstərir ki, iqtisadi inkişaf, neft-qaz layihələri əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir. Son 16 ildə iqtisadiyyatımız 3,4 dəfə,  xarici ticarətimiz 6,4 dəfə artıb.  Ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi 270 milyard dollara yaxındır. Valyuta ehtiyatlarımız 52 milyard dollara çatıb. Təbii ki, bu uğurlarımız təkmil islahatların, düşünülmüş  və məqsədyönlü siyasətin nəticəsidir. Dünya Bankı “Doing Business” hesabatında Azərbaycanı ən islahatçı 20 ölkədən biri hesab edir. Cari ilin yanvarında ənənəvi keçirilən Davos Dünya İqtisadi Forumu çərçivəsində  Azərbaycan ilə qurum arasında Bakıda “Davos Dördüncü Sənaye İnqilabı Mərkəzinin yaradılması haqqında niyyət protokolu” imzalandı. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bu, Qafqaz və Mərkəzi Asiyanı əhatə edəcək regional mərkəzdir. Azərbaycanın bu uğura imza atmasını şərtləndirən əsas amil sənayemizin, qeyri-neft sənayesinin sürətlə inkişafıdır. Göründüyü kimi, Azərbaycan  malik olduğu təbii resurslarından səmərəli istifadə etməklə həm iqtisadi, həm də maliyyə imkanlarını artırır” 

V.Rəhimzadə onu da qeyd edib ki, bu uğurlarımız Azərbaycanın dostlarının, tərəfdaşlarının sayının artmasına stimul verir:

 «Əsrin müqaviləsi»nin imzalandığı dövrdə Azərbaycanın çox riskli ölkə olduğunu önə çəkən dövlətimizin başçısı İlham Əliyevin «Bu vəziyyətdə investisiyaları cəlb etmək asan vəzifə deyildi. Lakin biz bunu edə bildik və 1994-cü ilin sentyabr ayında “Azəri-Çıraq-Günəşli” yataqları üzrə müqavilə Azərbaycan və xarici şirkətlərdən ibarət konsorsium tərəfindən imzalandı. Bu, bizim tərəqqiyə, çiçəklənməyə və inkişafa doğru yolumuzun əvvəli idi» fikirlərinə istinad etsək, bu gün Azərbaycan dünyada ən sabit, təhlükəsiz, ən əsası etibarlı tərəfdaş kimi tanınır və nüfuz qazanır. Son 16 ildə enerji sektorundan asılılığın minimuma endirilməsi də  ulu öndər Heydər Əliyevin gələcəyə hesablanmış neft strategiyasının bariz nümunəsidir.