Nazim Bəydəmirli:“ Ət kəsiminin azalması istehlaka və dolayısı ilə pul dövriyyəsinə təsir edəcək”
Dünyada sürətlə yayılan və artıq Azərbaycana da çatan koronavirus digər məhsullarla yanaşı ət və ət məhsullarına olan tələbatın azalmasına səbəb olub. Bu, həm də ölümcül virusun heyvanlardan keçməsi iddiası ilə bağlıdır. Qəssablar da son bir neçə həftə ərzində satışın zəiflədiyini təsdiq edirlər.
Məsələ ilə bağlı “Sherg.az”a danışan iqtisadçı-ekspert Nazim Bəydəmirli qeyd edib ki, bu tendensiyanın iqtisadiyyata da mənfi təsir göstərəcək:
“Belə hallar həmişə iqtisadiyyatı zəiflədir. Ət kəsiminin azalması istehlaka və dolayısı ilə pul dövriyyəsinə təsir edəcək. Müxtəlif şayiələrin yayılması da bu məsələdə öz sözünü deyir. Azərbaycan qapalı iqtisadi sistemə malik olsa da, bu cür forsmajor hadisələrdən sığortalanmayıb”.
Ekspert düşünür ki, ət satışındakı zəifləmə müvəqqətidir: “Əlbəttə, koronavirus daimi olmayacaq. Ən çoxu iki aydan sonra bu xəstəliyə bir çarə tapılacaq. Nəticədə hər şey yenidən əvvəlki qaydasına düşəcək”.